“Məmurlar həssas kateqoriyadan olan vətəndaşların yanında olmalıdır”

OXUNUB: 321 GÜNDƏM SOSİAL
Arzu Nağıyev: "Bu, dövlət başçısının onların qarşısında qoyduğu əsas tapşırıqlardan biridir”

 

"Şəhid ailələrinin, qazilərin sosial problemlərinin həllində Heydər Əliyev Fondu mühüm rol oynayır”

 

Dünən Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən Vətən müharibəsi iştirakçılarının məşğulluq probleminin həllinə diqqət çəkib, dövlət qurumlarının işə qəbul zamanı ilk öncə bu cür şəxslərə üstünlük verməsinin vacibliyini vurğulayıb.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev dövlət başçısının həssas kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məmurlar, o cümlədən icra başçıları qarşısında konkret vəzifələr qoyduğunu, hər kəsin bu vəzifələrin icrasına mühüm diqqət yetirməsinin vacibliyini qeyd edib:

 

"Dövlət başçısı yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən onlara vətəndaşlarla, xüsusilə də həssas təbəqənin nümayəndələri ilə geniş təmas qurmağı tapşırdı. Birmənalı şəkildə müharibə iştirakçılarının, qazilərin, şəhid ailələrinin yanında olmağın vacibliyini vurğuladı. Cənab prezident bu açıqlaması bir daha göstərdi ki, icra başçılarının, məmurların həssas təbəqənin nümayəndələri ilə davamlı ünsiyyət halında olması, onların qayğıları ilə maraqlanması, onlara yardım göstərməsi dövlət başçısı səviyyəsində qarşıya qoyulan bir vəzifədir. Prezidentimizin açıqlamasında dövlətimizin Vətən müharibəsi qazilərinə olan diqqət və qayğısı öz əksini tapmaqdadır.

 

44 günlük müharibənin qələbə ilə başa çatmasında qazilərimizin rolu danılmazdır. Eyni zamanda, qələbənin əsas meyarı Ali  Baş Komandan, onun qətiyyəti, Azərbaycan xalqının fədakarlığı, ordumuzun rəşadəti, insanlarımızın vəhdətidir. Biz şəhidlərimizin qəhrəmanlığı sayəsində bu qələbəni əldə etmişik. Biz bütün bunların sayəsində illərlə arzusunda olduğumuz ərazi bütövlüyümüzə nail olmuşuq. Buna görə də məmurların şəhid ailələri, müharibə əlilləri, qazilərlə mütəmadi təmas qurması, onlara qayğı göstərməsi vacibdir.

 

Qürurvericidir ki, bu istiqamətdə ciddi işlər aparılır. Icra hakimiyyətində bu kateqoriyadan olan vətəndaşlarımızla iş üzrə müvafiq şöbələrin yaradılması, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata keçirilməsi və s. kimi çoxsaylı addımlar buna nümunədir. Bu məsələdə Heydər Əliyev Fondunun xidmətləri də olduqca böyükdür. Şəhid ailələrinin, qazilərin sosial məsələlərlə bağlı problemlərinin həllində Heydər Əliyev Fondu mühüm rol oynayır.

 

Düşünürəm ki, dünənki videomartdakı qəbulda səsləndirilən fikirlər dövlətimizin həssas təbəqədən olan vətəndaşlarımıza nə qədər böyük önəm verdiyini göstərir. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yerlərdəki müvafiq strukturları icra hakimiyyətləri ilə birlikdə koordinasiyalı fəaliyyət ortaya qoymalıdır. Hər bir qurum öz səlahiyyətləri və imkanları çərçivəsində həssas kateqoriyadan olan vətəndaşlarımızın yanında olmalıdır. Dünən yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən dövlət başçısının verdiyi əsas tapşırıqlar da bundan ibarət idi”./Moderator.az

RƏYLƏR