Mənzillərin bir neçə nəfərə satılmasına nəzarət gücləndirilir

OXUNUB: 997 İQTİSADİYYAT

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın öncədən qeydiyyatı mexanizminin geniş tətbiqinə hazırlaşır.

Bu barədə Komitənin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov bildirib. 

Onun sözlərinə görə, mexanizmin əsas məqsədi mənzil-tikinti kooperativlərinin (MTK) bir mənzili bir neçə nəfərə satmasının qarşısını almaqdır: "Bunun üçün bina tikilməzdən öncə oradakı mənzillərin öncədən qeydiyyatına dair arayış veriləcək. Yəni, bəri başdan bilinəcək ki, ev kimindir. Eyni mənzili bir neçə nəfərə satmaq mümkün olmayacaq. Əslində, öncədən qeydiyyat mexanizmi çoxdan var, sadəcə, ictimaiyyət bu barədə elə də məlumatlı olmadığı üçün geniş tətbiq olunmurdu”.

Q.Xəlilov onu da deyib ki, vətəndaşlara tikinti şirkətlərindən aldıqları mənzillərə görə veriləcək arayışda yaşayış sahəsinin dəqiq ölçüsü göstəriləcək. Bu isə MTK-ların insanları ölçü məsələsində aldatmasına imkan verməyəcək. Daha bir maraqlı və mühüm məqam isə ondan ibarətdir ki, öncədən qeydiyyat əsasında mənzili ipotekaya qoymaq mümkün olacaq.
Qeyd edək ki, sabah ƏMDK "Daşınmaz əmlakın öncədən qeydiyyatı: üstünlüklər və faydalar” mövzusunda ictimai təqdimat keçirəcək. Prosesin mahiyyəti, ümumilikdədaşınmaz əmlak bazarının inkişafına müsbət təsirləri barədə ictimaiyyətə məlumat veriləcək. /report

 

İcmal.Az


RƏYLƏR