Mərkəzi Bankda keçirilmiş hərracda rekord tələb

OXUNUB: 1017 İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracının nəticəsi açıqlanıb.

İcmal.Az Marja-ya istinadən xəbər verir ki, bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 504,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,70% təşkil edib.

AMB 200 milyon manat cəlb edəcəyini açıqlamışdı.
 
Qeyd edək ki, 504,7 milyon manatlıq tələb indiyədək qeydə alınmış ən böyük tələbdir. Həmçinin depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi daha da aşağı düşüb. Bundan əvvəlki hərracda faiz 12,98% təşkil etmişdi.

AMB depozit hərraclarının keçirilməsinə ötən ilin iyun ayında başlayıb. Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki manat kütləsini azaldır. 

Yəni, dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda dolların manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.
 
İcmal.Az

RƏYLƏR