Məşhur mağazada müştərinin çantasını oğurladılar - “Günah işçilərdədir”

OXUNUB: 683 SOSİAL
Bakıda "Gənclik Mall” ticarət mərkəzində yerləşən "New Yorker” mağazasında oğurluq hadisəsi baş verib.

Bu barədə mağazanın Viktoriya adlı müştərisi məlumat verib. Xanım müştəri bildirib ki, mağazada onun çantasını oğurlayıblar. 

Hadisə dünən baş verib. Xanımın sözlərinə görə, oğurluq mağazanın paltar dəyişmə otağında olub: 

"Çantamı paltar dəyişmə otağında asıb, təxminən bir dəqiqəliyinə kabinəni tərk etdim. Qayıdanda isə nə çantam yerində idi, nə də koftam. Koftam sonradan digər müştərilərin əşyaları arasından tapıldı. Dərhal mağaza işçilərindən kamera görüntülərinə baxılmasını xahiş etdim. Lakin 30 dəqiqə ərzində heç kim məni sözlərimə diqqət etmədi. Ərim gələndən sonra isə hərəkət etməyə qərar verdilər”.

Müştəri bildirib ki, kamerada oğurluq edən şəxsin 45 yaşlarında bir qadın olduğu görünüb. Həmin xanım daha sonra mağazadan çıxaraq metroya tərəf gedib və çantanı açaraq içinə baxıb: "Yaxşı ki, pulum hamısı kartda idi və onları dərhal bloklatdırdım. Lakin bütün sənədlərim çantada idi”.

Viktoriya oğurluq hadisəsinə görə mağaza işçilərini günahlandırıb: "Onlar vaxtında mənə diqqət yetirsəydilər, bəlkə də oğurluq edən xanımı tez tapmaq olardı”.
 
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib./BakuPost
 
İcmal.Az

RƏYLƏR