Məşhur müəllimlərin bayram dərsi – VİDEOREPORTAJ + FOTO

OXUNUB: 1277 MƏDƏNİYYƏT

5 oktyabr – "Ümumdünya Müəllimlər Günü” kimi qeyd olunur.

1966-cı ilin bu günündə  YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən "Ümumdünya Müəllimlər Günü” kimi təsis edilib. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.

Əlbəttə, hər birimizin həyatında müəllimin rolu danılmazdır. O, gələcəyin həkimi, hüquqşünası, jurnalisti, diplomatı, dövlət başçısını və s. yetişdirir.

"Müəllim günü” münasibətilə biz də Xalq Artisti, professor Siyavuş Kəriminin rektoru olduğu Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllim kollektivini ziyarət etdik. Bizi konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylər qarşıladı.

İlk olaraq dərs otaqlarından birindən eşidilən məlahətli səsin sahibinə tərəf addımladıq. Bu Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı Aygün Bayramova idi.

"17 ildir Asəf Zeynallı adına Musiqi Kollecində, 15 ildir Azərbaycan Milli Konservatoriyasında dərs deyirəm. Dərs prosesi, tələbələrlə işləmək olduqca maraqlıdır. Bir də görürsünüz ki, qəfildən Siyavuş müəllim xarici qonaqlarla birlikdə dərs otağına daxil olaraq, prosesi izləyir”,- deyə Aygün Bayramova bildirdi.

Zülfiyyə Cəbrayılzadə - III kurs tələbəsi

O, "Uzun illərdir pedaqoq kimi fəaliyyət göstərirsiniz. Bu illər ərzində bir-birini əvəzləyən tələbələrdə müsbət və mənfiyə doğru hansı dəyişiklikləri müşahidə etmisiniz?” sualını belə cavablandırdı:

"Tələbə bütün dərslərdə iştirak etməlidir. Mənim bir tələbəm – Əməkdar artist Səbuhi İbayev fəxri ad alması, tanınmasına baxmayaraq magistr təhsili alır. Daim öz üzərində işləmək, məsuliyyət tələbənin müsbət keyfiyyətidir.

Düzdür, elə tələbələr də var ki, səhlənkardırlar. Amma sevinirəm ki, mənin sinfimdə o cür tələbələr çox azdır”.

-İstər məktəb, istərsə də universitet illərində dərsdən qaçdığımız, müəllimin verdiyi tapşırıqları yerinə yetirməyəndə bəhanə gətirdiyimiz anlar olub. Bu hallar baş verdikdə, tələbələrinizi necə cəzalandırırsınız?

-(Gülümsəyir) Hansısa muğamı keçəndə, onu bir neçə dəfə təkrar etdirə bilərəm. Çünki onlara cəza verməyə qıymıram.

Çalışram ki, tələbərimlə xoş, isti münasibət yaradım. Onlara hökmlə yanaşmıram. Tələbələrimlə dost münasibətim var. Hətta ötən illərdə təhsilini bitirən tələbələr mənimlə görüşə gəlirlər.

Növbəti dərs otağına yaxınlaşırıq. Burada isə Əməkdar artist Təyyar Bayramovla qarşılaşırıq.

Məbud Əhmədov – IV kurs tələbəsi

-Əvvəlki illərlə müqayisədə son illər cəmiyyətdə müəllimə münasibət nisbətən dəyişib. Bu nədən irəli gəlir?

-Bu zəmanədəndir, ancaq çox dəyişiklik olduğunu deməzdim. Amma müəllimin nüfuzu bizim sahədə bir az qorunub saxlanılır. Hər şey müəllimin özündən asılıdır. Müəllimlik şərəfli sənətdir.

-Yəqin ki, çalışdığınız illər ərzində tələbələrlə bağlı maraqlı, yaddaqalan məqamlar çox olub. Onlardan bir neçəsini bizimlə bölüşə bilərsiniz?

-Bəli (gülümsəyir). Digər bir peşəm də hüquqşünas olduğu üçün söylədiniz hallarla bağlı detalları tuta bilirəm. Bərdə rayonundan olan bir tələbəm var idi. Dərslərimdən birində iştirak etməmişdi. Dedi ki, müəllim, hüzr yeri var, rayona  getmişdim. Söylədim ki, mən dünən Bərdədə idim, körpü təmirə bağlanmışdı, yenə elədir? Dedi, bəli. Əslində, mən onu sınamaq üçün bu sözü demişdim. Halbuki, heç bir təmir yox idi.

Bir xanım tələbəm var idi. Söylədi ki, müəllim, üzrlü hesab edin, dünən əmim qızının xına mərasimində olduğum üçün dərsə gələ bilmədim. Halbuki, əllərində xına yox idi.

Heç bir bəhanəyə baxmayaraq, tələbələrimi çox sevirəm. Məndə belə bir xasiyyət var. Qətiyyən heç bir müəllim yoldaşımın tələbəmə müdaxilə etməsinə imkan vermirəm.

Növbəti dərs otağında isə Azərbaycan Respublikasının Xalq artisti, kamança ifaçısı Şəfiqə Eyvazova və qızı, kamança ifaçısı Mehri Əsədullayeva ilə rastlaşdıq.

"Bu gün sizin gəlişiniz xoş təsadüf oldu. Mən və həyat yoldaşım, Əməkdar incəsənət xadimi Arif Əsədullayev 1967-ci ildən bu günədək müəllim kimi çalışırıq. Bu gün hər ikimizin müəllim kimi fəaliyyətimizin 50 ili tamam olur. Əsl müəllimləri ürəkdən təbrik edirəm. Gənclərə isə yaxşı tələbə olmağı arzu edirəm. Əmir Teymur deyib: "Məni müəlliminin ayaqları altında dəfn edin”. Görün, necə qüdrətli sözdür, hətta bu kəlmələr insanı kövrəldir”, -deyə o bildirib.

-Kamança Azərbaycanın ən qədim musiqi alətlərindəndir. Onun haqqında o qədər ətraflı məlumatı olmayan gənclər kamança musiqi alətini hansı cəhətlərinə görə öyrənməli, onu sevməlidirlər?

-Kamançanı sevəni mən də sevirəm. Bu aləti seçməkdə heç də yanılmayacaqlar. Azərbaycan Habil Əliyev, Hafiz Mirzəliyev, Tələt Bakıxanov, Ədalət Vəzirov və s. kimi kamançaçalanlar sülaləsi yetişdirib. Ümid edirəm ki, tələbələrim arasında mənim və bu sənətkarların yolunu davam etdirən gənclər olacaq.

Kərimov İlqar – IV kurs

Əziz müəllimlər, bayramınız mübarək!/oxu.az

İcmal.Az

RƏYLƏR