Məşhur müğənni Abeerlə MÜSAHİBƏ: "Sizə aşiq olmuşam"

OXUNUB: 717 ŞOU-BİZNES

Publika.az-ın müsahibi "Ay laçın" mahnısının ən gözəl ifaçılarından biri, dünyaşöhrətli müğənni Abeer Nehmedir.

- Əziz Abeer, məşhur "Ay laçın” ifanızdan sonra Azərbaycanda çox sevildiniz. Ölkəmizlə, musiqimizlə tanışlığınız necə baş tutdu?

- 40 bölümdən ibarət sənədli film çəkirdik. Filmdə dünyanın dörd bir yanına səfər edib, müxtəlif xalqların mədəniyyəti, musiqisi, adət-ənənələrini araşdırırdıq. Çünki sırf bu dəyərlər hər kəsin maraq dairəsindədir. Elə bu layihə çərçivəsində Azərbaycana gəldik. Musiqinizi dərindən mənimsəyib, mahnılarınızı əzbərlədim. Beləcə ölkənizə aşiq oldum. "Ay laçın” mahnısını isə öz repertuarıma daxil etmişəm.

- Çoxları sizi Azərbaycan xanımlarına bənzədir. Bu məsum gözəlliyinizin sirri varmı?

- Həqiqi gözəlliyin daxilən gəldiyinə inanıram. İncə, sevgi dolu hissləriniz qarşınızdakı insanları təbii ki, sizi sevməyə və gözəl görməyə sövq edəcək. Çünki bütün müsbət enerjinizi onlara ötürmüş olursunuz. Hərdən elə bilirəm ki, üzümdə təbəssümlə doğulmuşam. Bütün problemlərə, şanssızlıqlara rəğmən, təbəssüm hər zaman simamdadır. Hətta bəzən ağlayarkən belə güldüyümün fərqinə varıram. Məncə, bu dünyada yaşayan hər kəs gözəldir. Bunun fərqinə varıb, yaşamaq lazımdır.

- Ölkəniz və özünüz haqda məlumat verin desəm, necə cavab verərdiniz?

- Mən vətəninə güclü tellərlə bağlı olan qadınam. Böyük musiqiçi ailəsində dünyaya göz açmışam. Biz livanlıyıq. Livan zəngin keçmişi, əsrarəngiz musiqisi ilə bütün ərəb dünyasının mədəniyyət beşiyi sayılır. Vətənim kedirlər ölkəsidir. Rəhbani, Feruz, Vahid Əl-Səfi, Xəlil Cübran kimi dahilərin ölkəsidir. Məmələkətimiz dəfələrlə qanlı müharibələrə şahidlik edib. Lakin xalqımız həyatsevərliyi sayəsində bu qara tarixi geridə qoymağı bacarıb. Zəngin musiqimiz bədbinliyə qalib gəlməyə hər zaman yardım edib. Xəyallarımı gerçəkləşdirmək üçün musiqi mənə də stimul verib. Bu möcüzənin sayəsində istədiyim qadına çevrildim. O mənim sığınacağımdır. Musiqiyə məhəbbət mənə atamdan keçib, ilk müəllimim də o, olub. Daha sonra isə kollecə daxil olub, karyerama başlamışam.

Azərbaycan musiqisi haqda da düşüncələriniz çox maraqlıdır.

- Azərbaycan musiqisi həyat doludur, axıcıdır. Ənənəviliklə gözəl təbiətin vəhdətidir. Bununla yanaşı, fərdi yanaşmanın məhsuludur. Hər bir ifaçının mahnıya öz yanaşma tərzi var və bu musiqinizi daha da zəngin edir. Azərbaycan musiqi sənəti o qədər rəngarəngdir ki, cazından tutmuş, klassikasınadək insanı heyrətləndirməyi bacarır.

Ən böyük ilham qaynağınız nədir? Və bu musiqinizdə öz əksini necə tapır?

- Bu dəyişkən haldır. İlham qaynağım insan, məkan, hətta məni əhatə edən şərait də ola bilər. Bəzən qarşıma elə insan çıxa bilər ki, uzun zaman məni öz təsiri altına alar. Hisslərimi, emosiayalarımı bütövlükdə insanlığımı özünə əsir edər. Bəzənsə bir hekayə, yaxud musiqi dinləyib, ondan ihlamlaram. Bilirsiniz, mən həssas insanam, sonsuz sayda amildən təsirlənə bilərəm. Özü də hər şeyə anormal dərəcədə həssaslıqla yanaşıram.

Abeer, siz qeyri-adi istedada malik müğənnisiniz. İstənilən xalqın musiqisini ifa edəcək qədər gözəl səsiniz var. Bu baxımdan sizi "dünyanın müğənnisi" adlandıra bilərikmi?

- Gənclik illərimdən müxtəlif xalqların musiqilərinə maraq göstərmişəm. Bu baxımdan ərsəyə gətirdiyimiz "Etnopholia” layihəsinin böyük önəmi var. Bu layihə boyu 25 xalqın mədəniyyətinə, musiqisinə təmas etdik və bu dillərdə mahnılar oxudum. Musiqi okean dərinliyindədir. Lakin nə qədər dərinə baş vursaq da, yenə suyun üzündə qalırıq. Musiqi yolunda nə qədər məsafə qət etsəm də, yenə elə bilirəm başlanğıc nöqtəsindəyəm. Əgər sevdiyim işlə milyonların qəlbinə toxuna bilirəmsə, bu böyük xoşbəxtlikdir.

- Azərbaycanla bağlı yeni planlarınız varmı?

- İnanın, Azərbaycana yeni layihə ilə dönməyi və konsert proqramı ilə çıxış etməyi çox istəyirəm. Ölkənizin Opera və Balet Teatrı da daxil olmaqla, bütün möhtəşəm səhnələrində konsert vermək arzusundayam. Dünya xalqları Azərbaycanın böyük mədəniyyəti və musiqisinin fərqinə varmalıdırlar. Ümid edirəm ki, yaxın gələcəkdə bir çox yeni Azərbaycan mahnıları ifa edib, silsilə konsertlərlə çıxış edəcəm.

- Mahnılarınız vasitəsilə verdiyiniz əsas mesaj varmı?

- Düşünürəm ki, həyatda atdığımız bütün addımların mənası və məqsədi olmalıdır. Yoxsa yaşamağımızın mənası qalmazdı. Mahnılarımla insanlara, insanlığa bütöv kainatımıza sevgi ötürməyə çalışıram. Lirikanın, hisslərimizi ələ alan musiqinin möcüzəvi təsirinə inanıram. İnsan harada yaşayırsa-yaşasın, gözəl mahnılar dinləmək hüququ var. Çünki ən azı bir neçə dəqiqələrini bu zövqə həsr edirlər. Musiqi insanın yaddaşında iz qoymursa, demək o uğursuzdur. Hər zaman musiqi seçimi edəndə əsas məqsədim o olur ki, atam, ailəm, dinləyicilərim mənimlə qürur duysunlar.

Sezen Aksu yaradıcılığına da etinasız deyilsiniz. Bu sevgini necə izah edə bilərsiniz?

- Sezen Aksunun yaradıcılığını çox sevirəm. İki il öncə "Min bir gecə” adlı televiziya şousuna aparıcılıq edirdim. O verilişimə tez-tez Türkiyədən incəsənət nümayəndələri dəvət edirdim. Odur ki, hər həftə türkcə mahnılar ifa etməli olurdum. Sezen Aksu yaradıcılığı ilə də bu zaman tanış oldum. Bizi bir-birimizlə sözlə ifadə olunmayan musiqi dünyası birləşdirir. Yaradıcılığndakı dünyəviliksə mahnılarını bütün xalqlara sevdirəcək qədər qüdrətlidir.

Necə düşünürsünüz, əsl musiqiçi hansı keyfiyyətlərə malik olmalıdır? İmkanlarını necə genişləndirməlidir?

- Düşünürəm ki, gözəl ifaçı olmaq üçün mütləq konservatoriyada təhsil almağa ehtiyac yoxdur, lakin bilikli olmaq lazımdır. Bizim musiqi əfsanəsinə çevrilən sənətkarlarımız çox olub. Məhz onlar, özlərindən sonra gələn nəsil üçün ustad sayılırlar. Ərəb musiqisi özlüyündə improvizasiyalardan yaranıb. Dahi musiqiçi akademik təhsili olanlara deyilmir. Lakin savadlı musiqiçinin də bir üstünlüyü var ki, öz xalqının mahnılarına bənzəməyən fərqli janrları ayırd edə bilir. Dünyada ən gözəl səs, avaz anlayışı yoxdur. Məsələn, siz deyə bilərsiniz ki, bir çiçək, yaxud ağac digərindən gözəldir? Lakin mənim sizinlə razılaşmamaq haqqım var. Çünki zövqlər fəqrlidir. Təbiət rəngarəngdir, gözəlliklərlə doludur. Dərk etməliyik ki, yer üzündə tək mükəmməl sənətkar biz deyilik. Yalnız bu zaman karyeramızda irəliləyə bilərik.

Abeer Nehme bacısının toyunda digər bacı-qardaşları ilə mahnı ifa edir.

- Əzizim Abeer, musiqiçi ailəsində böyümüsünüz. Pərəstişkarlarınız yaxşı bilir ki, digər ailə üzvləriniz də kifayət qədər istedadlıdırlar. Ailənizdən bəhs edə bilərsinizmi?

- Bizim ailənin xəmiri musiqi ilə yoğrulub. Atam müharibə veteranı idi, lakin musiqiyə böyük marağı vardı. Hətta özü udda ifa etməyi öyrənmişdi. Atamın o qədər gözəl səsi vardı ki... Artıq 8 yaşım olanda ən dəyərli hədiyyələrim radiolentlər idi. Məşhur musiqiçilərin kassetlərini əldə edirdim. Hər gün yeni mahnı əzbərləyib, onunla birgə oxuyurdum. O mənim ən obyektiv tənqidçim idi. Atamın qarşısında mahnı oxuyanda elə bilirdim ki, çox məşhur musiqi müəllimi məndən imtahan götürür. Bütün bacı və qardaşlarım da musiqiçidirlər. Biz sənətimizə yaradılışımızın özəyi və ailə üzvlərimizi bir-birindən qopmağa qoymayan yapışqan kimi yanaşırıq.

- Maraqlıdır, dünya musiqisini dərindən bilən Abeer Nehmenin ən çox sevdiyi sənətçi kimdir?

- Səmimi etiraf edim ki, sevimli sənətkarlarım çoxdur. Uşaqlıqdan bəri dinlədiyim hər bir gözəl müğənni mənim yaradıcılığımda, ifa tərzimdə xüsusi iz qoyub. Hər dəfə yeni insanla rastlaşanda, bilmədiyim nələrsə öyrənirəm. Düşünürəm ki, qazandığımız acı təcrübələr də həyatımızı qurmaq üçün bir dərsdir. Ümumiyyətlə, həyat özü mürəkkəb məktəbdir. Onun da özünə görə mənfi və müsbət hadisələri göstərən pəncərələri var. Mən həmişə müsbət pəncərədən baxmağa çalışıram.

Картинки по запросу abeer nehme

- Beynəlxalq "Universal Music MENA" şirkətilə müqavilə imzalayacaqsınız. Bu istənilən musiqiçinin xəyal etdiyi bir addımdır. Gələcək əməkdaşlığınız barədə məlumat verə bilərsinizmi?

- Karyeram boyu ən böyük arzularımdan biri yüksək standartlara cavab verən bu cür möhtəşəm musiqi şirkətilə çalışmaq olub, çünki hər bir ifaçının istedadına fərdi yanaşır, onları yalnız gəlir mənbəyi kimi görmürlər. Bugünədək bir çox nəhəng şirkətlərdən əməkdaşlıq təklifi almışam. Lakin zövqümə, tələblərimə uyğun yalnız MENA olub. Əminəm ki, əməkdaşlığımız bir-birindən gözəl mahnıların yaranmasına vəsilə olacaq.

İcmal.Az

RƏYLƏR