Məşhur şirkət vergiyə olan borcunu ödəmədi - Əmlakı satışa çıxarılır

OXUNUB: 767 İQTİSADİYYAT
Bir neçə gün əvvəl karantin rejimindən sui-istifadə edərək səkini zəbt etməyə çalışan tikinti şirkəti haqda daha bir qalmaqallı məsələ ortaya çıxıb. Məlum olub ki, şirkət vergiyə olan borcunu ödəmədiyi üçün əmlakları hərraca çıxarılır.

7News.Az xəbər verir ki, söhbət "Luxe Home” Mənzil Tikinti Kooperativindən (MTK) gedir.

MTK karantin günlərində piyada səkisini zəbt edərək, hasarlamaq istəyirdi. Bunun üçün karantin rejimini pozaraq, işçilərini hasar çəkməyə göndərmişdi. İş gedən ərəfədə sakinlərin narazılığı, icra hakimiyyətinin müdaxiləsi ilə tikinti şirkətinin özbaşınalığının qarşısı alındı.

İndi isə məlum olub ki, tikinti şirkəti vergiyə olan borcunu ödəmədiyi üçün məhkəməyə verilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edərək "Luxe Home” MTK-nın dövlət büdcəsinə ödənilməmiş 866 min manat məbləğində borcunun ödənilməsinin təmin edilməsini tələb edib.

İdarə borcun ödənilməsi üçün MTK-nın 143 min 600 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə iddia ərizəsini məhkəməyə təqdim edib.

İddia ərizəsində bildirilib ki, MTK Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranıb. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədilə cavabdehə bildiriş verilib. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməyib.

Qərarda Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Luxe Home” MTK-nın siyahıya alınmış 143 min 600 manat məbləğində əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması göstərilib. Həmin məbləğdən MTK-nın vergiyə olan borcu tutulmalıdır.

Xatırladaq ki, MTK ilə Vergilər Nazirliyi arasında daha əvvəl də məhkəmə çəkişməsi olub. Sabiq nazir Fazil Məmmədovun dövründə isə "Luxe Home” nazirliyi məhkəməyə vermişdi. Səbəb isə şirkətin vergi borcunun şişirdilmiş göstərilməsi idi. Həmin məhkəməni MTK udmuşdu.

RƏYLƏR