Məsuliyyətsiz davrananlara güzəşt olmayacaq - RƏY

OXUNUB: 516 SOSİAL

Ölkənin enerji sistemində yaranmış vəziyyət, yəni iyulun 3-də baş verənlər və ondan sonra iki gün ərzində yaşananlar bütövlükdə hərtərəfli araşdırma tələb edirdi.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, artıq dövlət başçsının sərəncamı ilə yaradılmış Dövlət Komisiyası, son müşavirədə səslənənlər bu istiqamətdə araşdırma aparılmasını daha da sürətləndirəcək, qısa zaman ərzində təqsirkarlar müəyyənləşdiriləcək və cəzalandırılacaq:

"Bu məsələdə məsuliyyətsiz, səhlənkar davrananlara artıq güzəşt, daha doğrusu, onlara bu komandada yer olmayacaq.

İnanıram ki, artıq hər kəs, xüsusilə, ünvanına irad səslənən məsul şəxslər cənab prezidentin bu açıq-aşkar mesajlarından nəticə çıxaracaq, dərs alacaq və öz işlərində məsuliyyətli olacaqlar”.

Akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də 4 iyul müşavirəsini olduqca vacib və əhəmiyyətli hesab edir:

"Bu gün Azərbaycan nəinki regionun, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır, bu məsələdə əsas akorlardan birinə çevrilib.

Yəni, Bakı-Tblisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, TANAP, eləcə də, TAP kimi irimiqyaslı layihələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında hansı rolu oynadığını bütün çılpaqlığı ilə ortaya qoyur.

Belə olan təqdirdə, ölkənin enerji sistemində xoşagəlməz durumun yaşanması, problemlərin meydana çıxması, dövləti və insanları narahat etməsi heç də yaxşı və qəduledilən hal deyil.

Qəti inamımı və əminliyimi bildirmək istəyirəm ki, bu müşavirədən sonra enerji sistemində yaranmış problemlər tezliklə aradan qalxacaq, insanlar bir daha belə problemlərlə üzləşməyəcək”.

Millət vəkili Azər Badamov isə deyib ki, fövqəladə hallar hər bir ölkədə baş verə bilər və bundan heç kim sığortalanmayıb.

"Amma məsələ ondadır ki, hər bir fövqəladə hal baş verəndə ondan minimum zərərlə çıxmaq məsələsi ortada olmalıdır. Vəziyyət isə onu göstərdi ki, ölkəmizin enerji sistemi belə hallara hazır deyil.

Prezident müşavirədə əlaqədar təşkilatlara iradlar bildirməklə, gələcəkdə belə bir halın təkrarlanmaması üçün dərhal qabaqlayıcı tədbirlərin görülməsi tapşırığını verdi.

Dövlət başçısı baş vermiş hadisədən çox narahatdır. Bu narahatlıq hər bir məmurda olmalıdır. Əlaqədar təşkilatlar öz işlərini tələblər səviyyəsində qursaydılar, belə hallar baş verməzdi.

Düşünürəm ki, günahkar şəxslər öz cəzalarını alacaq. Son hadisə isə gələcəkdə hamı üçün bir dərs olacaq”.

İcmal.Az

RƏYLƏR