Mətbuat Şurası Qurtuluş Gününə həsr olunan konfrans keçirib

OXUNUB: 51 SİYASƏT
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev siyasəti: Sözün qurtuluşunda media azadlığına doğru” mövzusunda konfrans təşkil olunub.

Azadinform xəbər verir ki, tədbirdə millət vəkilləri, MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalistlər iştirak ediblər. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, 15 iyun Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb: "Ulu Öndər qısa bir zamanda xalqı Azərbaycan ideyası ətrafında birləşdirdi, müasir Azərbaycan dövlətini yaratdı. Çətin dövrlərdə siyasi yönündən asılı olmayaraq demək olar ki, jurnalistlərin böyük qismi özlərinə yaxın, dost bildikləri Heydər Əliyevi seçdilər. Heydər Əliyev jurnalistikaya kifayət qədər açıq bir insan idi. O jurnalistikanın gücünə yaxşı bələd idi. Ulu Öndər Azərbaycan KİV-nin dövlətçilik istiqamətində maarifləndirilməsində çox böyük işlər görüb. O, jurnalistikanın cəmiyyətdə oynadığı rolu düzgün qiymətləndirirdi. Xalqın çətin məqamında, dövlətçiliklə bağlı müəyyən problemlər yarandıqda məhz KİV-ləri ilə xalqa müraciət edirdi. Bundan başqa onun mütəmadi olaraq jurnalistlərlə görüşü, onların suallarına cavabı və ayrı-ayrı KİV-lərə, televiziyalara müsahibələr verməsi, heç bir sualdan çəkinməməsi onun bir daha mediaya olan münasibətinin bariz nümunəsidir”. 

Filologiya elmləri doktoru, professor Cahangir Məmmədli qeyd edib ki, Heydər Əliyev 1950-ci illərin sonundan ömrünün axırına qədər Azərbaycana yüksək səviyyədə xidmət edib: "H. Əliyev milli mənəvi dəyərlərə önəm verirdi. Azərbaycanın bugünkü inkişaf səviyyəsi gözümüzün qabağındadır. Bu inkişafa görə Heydər Əliyevə minnətdarıq. Bizim bu gün nəyimiz varsa, məhz onun adı ilə bağlıdır”.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə vurğulayıb ki, o dövr çox çətin zamanlar idi: "Bizim nə güclü ordumuz, nə də iqtisadiyyatımız yox idi. Həmin zamanda işləmək çox çətin idi. Heydər Əliyev məhz həmin çətin zamanlarda çalışmağa başladı. Biz həmin fəaliyyətin nəticəsini bu gün görürük. O dövrdə müstəqil media yox idi. Jurnalistlər hədələnir, döyülür, redaksiyalara hücumlar olurdu. Kimsə sərbəst yaza bilmirdi. Getdikcə bütün sahələrdə olduğu kimi, mediaya da Heydər Əliyevin diqqəti, qayğısı artdı. Ən yadda qalan sərəncamlardan biri 6 avqust 1998-ci ildə senzuranın ləğvi idi. Ondan sonra da bir çox qanunlar qəbul edildi ki, bu da Ulu Öndərin gördüyü işlər idi”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə əlavə edib ki, 1993-cü il Azərbaycan tarixində ağır, mürəkkəb, ziddiyyətli bir dövr idi: "Heydər Əliyev çox çətin bir dövrdə gəldi. Həqiqətən də qısa bir zamanda ölkənin həm daxili, həm də xarici siyasətində sistem yaratdı. Digər sahələrdə olduğu kimi mediada bir sıra dəyişikliklər oldu. Senzuranın ləğvi, mediaya yardımın göstərilməsi bunun bir elementi idi. Onun qurduğu sistem bu gün davam edir”.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Elçin Mirzəbəyli bildirib ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlir və cəmi 1 il 3 ay sonra "Əsrin müqaviləsi” imzalanır: "Bu müqavilənin içərisində dünyanın bir çox nüfuzlu neft şirkətlərinin dövlətləri yer alır. Bu Azərbaycanın iqtisadi potensialına yox, etiraf edək ki, Heydər Əliyevin şəxsiyyətinin böyüklüyünə və onun götürdüyü öhdəliklərə sadiq qalacağına verilən dəyər idi. Bu aspektdən yalnız bu faktı xatırlatmaqla Heydər Əliyevin Azərbaycan tarixindəki missiyasının mahiyyətini tam dərk etmək mümkündür”.

RƏYLƏR