Milli Məclisdə Venesuela parlament nümayəndə heyəti ilə görüş olub

OXUNUB: 265 index-manşet SOSİAL
İyunun 29-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Venesuela Milli Assambleyasının vitse-spikeri xanım Vanessa Monteronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Əli Hüseynli qonaqları salamlayaraq, Venesuela nümayəndə heyətinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransına qatılmaq üçün ölkəmizə səfər etməsindən məmnunluğunu bildirib. O, 2019-cu ildən etibarən Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyini diqqətə çatdırıb  və Venesuelanın bu təşkilatda ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirdiyimizi bildirib. Əli Hüseynli Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də ölkələrimizin səmərəli əməkdaşlıq edəcəyinə əminliyini ifadə edib və parlament səviyyəsində əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb. O, bu gün Milli Məclisdə Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması barədə qərar qəbul edildiyini və dostluq qruplarının ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə inamını bildirib.

Söhbət zamanı Əli Hüseynli Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə  Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsindən danışıb. Vurğulayıb ki, ölkəmiz müharibədə qalib gələrək, regionda sülhün bərqərar edilməsini təmin edib. O, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edəcək nümayəndə heyətlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcəklərini və işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olacaqlarını diqqətə çatdırıb.

Görüşdə iştirak edən Milli Məclisin Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tamam Cəfərova iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafı barədə fikirlərini səsləndirib.

Venesuela Milli Assambleyasının vitse-spikeri xanım Vanessa Montero səmimi söhbətə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Qonaq ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Azərbaycan və Venesuela nümayəndə heyətlərinin BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiklərini söyləyib. 

Xanım Vanessa Montero parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışaraq, Milli Məclisdə Venesuela ilə dostluq qrupunun yaradılmasından məmnun olduqlarını deyib və Venesuela Milli Assambleyasında da tezliklə belə bir qrupun yaradılacağını bildirib.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev, Venesuela Milli Assambleyasının deputatları Timoteo Zambrano, Juan Escalona, bu ölkənin Azərbaycandakı səfiri Kristofer Martinez Berroteran və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
 
Milli Məclisdə Venesuela parlament nümayəndə heyəti ilə görüş olub
Milli Məclisdə Venesuela parlament nümayəndə heyəti ilə görüş olub

RƏYLƏR