Mingəçevir 73 illiyini qeyd edir

OXUNUB: 504 SOSİAL
Mingəçevir barədə burada olmuş, yaxud daimi yaşayan istənilən şəxsdən təəssüratlarını soruşsanız hərəsi bir cəhətini tərif edəcək, onda xoş ovqat yaradan tərəflərini açıqlayacaqlar. Biri deyəcək ki, yay mövsümündə gözəl qumlu sahilləri olan çimərlikləri istirahət üçün ən mükəmməl yerdir, digəri səliqəli küçə və binalarından zövq aldığını bildirəcək, digəri Mingəçevirin hansısa Avropa şəhərini xatırlatdığını deyəcək, bir başqası isə, Kür çayının sahilindəki mənzərəsindən valeh olduğunu dilə gətirəcək. Sakinləri taleləlirinin bu şəhərlə necə bir sirli cazibə qüvvəsilə bağlandığından söz açacaqlar. Bir də, mingəçevirlilər buranın yaşıllıqları ilə övünməyi sevir, yaşıllıqların qorunmasını özləri üçün vəzifə borcu bilirlər. Sanki bu amal bir genetik kod kimi bütün mingəçevirlilərin bünyəsində min illərdir mövcud olub. 
Bəlkə də, bu xüsusiyyət tarixən (e.ə III minillik) bu ərazilərdə yaşamış ulu babalarımızdan Mingəçevir sakinlərinə miras qalıb. Hələ 1941-ci ildə Mingəçevir ərazisində Saleh Qazıyevin rəhbərliyi ilə aparılan arxeoloji tədqiqatlar nəticəsində eneolit dövrünə aid Cənubi Qafqazın ən iri arxeoloji kompleksi olan 4 qədim insan məskəni, onlara bitişik qəbiristanlıqlar, 20 kurqan, 30 minədək maddi-mədəniyyət nümunəsi aşkar olunmuşdu. Samux-Mingəçevir ərazisinin qədim  Alban mədəni mərkəzlərdən biri olması, Alban hökmdarı Arsvahanın və yerli ruhani Beniaminin təşəbbüsü ilə burada alban əlifbasının tərtib edilərək məktəblərin açılması barədə məlumatlar var. Roma sərkərdəsi Pompey ilə alban çarı Oris arasında e.ə. I əsrdə məhz Mingəçevir ərazisində qanlı döyüşlər gedib.
Dövlətimiz üçün strateji əhəmiyyət baxımından Mingəçevir ölkənin enerji paytaxtıdır desək yanılmarıq. Ancaq "strateji əhəmiyyətlilik” tək bununla bitmir: Mingəçevir həm də, ölkənin ən böyük su anbarının sahilində yerləşir, hansı ki, əsas suvarma kanallarının mənbəyi olmaqla yanaşı, həm də SES-də enerji əldə olunmasını təmin edir. Təsadüfi deyil ki, Vətən Müharibəsi başlanar-başlanmaz düşmən raketlərinin əsas hədəfi Mingəçevir oldu. 
Müharibə günlərində Mingəçevirin səması qarşıduran raketlərin əsas toqquşma zonasına çevrilmişdi. Müzəffər Ali baş komandanımızın rəhbərlik etdiyi şanlı ordumuz Qarabağda zəfər qazanmaqla yanaşı Mingəçeviri qorumağı da unutmadı və şəhəri qorudu. Elə qorudu ki, Mingəçevirə heç bir ziyan dəymədi! Ölkəmizin bütün bölgələri kimi Mingəçevirin əsas itkiləri Qarabağ cəbhəsində oldu. Mingəçevir, I Qarabağ müharibəsində olduğu kimi II Qarabağ müharibəsində ən çox şəhid verən şəhərdən biri kimi tarixə düşdü.
Zəfər Günü və Bayraq Günündən sonra mingəçevirlilər növbəti əlamətdar tarixi 11 noyabr "Şəhər Günü”nü qeyd etdi. Məhz 73 il əvvəl 1948-ci il noyabrın 11-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarına əsasən, Mingəçevirə şəhər statusu verilib. 
Mingəçevirin inkişafı  təbii ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və birbaşa rəhbərliyi ilə  Mingəçevirdə 1981-ci ildə "Azərbaycan” İstilik Elektrik Stansiyası tikilərək istifadəyə verilmişdir. Məhz bu stansiyanın hesabına Azərbaycan Qafqazın əsas enerji istehsalçısına çevrilməklə yanaşı, digər respublikaların enerji asılılığından çıxmışdı. Məhz bu amil gələcəkdə Azərbaycanın suverenliyinin təmin olunmasında əsas rollardan birini oynayacaqdı. Və nəhayət məhz bu amil şəhərin daha da genişlənməsi və inkişaf etməsinə əsas yaradacaqdı.
Müstəqilliyimizin bərpa olunmasından sonrakı dövrdə də, prezident İlham Əliyev ölkənin enerji istehsalının artırılması məsələsinə xüsusi diqqətlə yanaşmış və bu strategiya çərçivəsində Azərbaycan İES-in yenidən qurularaq müasir standartlara cavab verən Qafqazın enerji nəhəngi statusunu qoruyub saxlamasına nail olmuşdur. Ancaq Mingəçevir tək enerji mənbəyi kimi deyil, həm də turizm mərkəzi və sənayə şəhəri kimi boy göstərməkdədir. 
Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı müvafiq sərəncama əsasən Mingəçevir Sənaye Parkının əsası qoyulmuşdur. Sənaye Parkında əsasən yüngül sənaye müəssisələrinin mərhələli şəkildə qurulması nəzərdə tutulur ki, bu müəssisələr tam qurulub işə düşdükdən sonra şəhər yenidən ölkənin əsas yüngül sənaye mərkəzinə çevriləcək.
Müasir dövr Mingəçevirin inkişafı artıq günbəgün deyil saatbasaat gedir desək yanılmarıq. Küçə, prospekt və meydanların abadlaşdırılması bir yana, artıq şəhər rəhbərliyi məhəllələrin abadlaşdırılması işini həyata keçirir. Mingəçevirdə 30 küçə əsaslı təmirdən çıxarılmış, 9 məhəllədə yenidən işıqlanma sistemi qurulmuş, 39 binanın əsaslı təmir işləri isə uğurla davam etdirilir. 
Şəhərdə yeni parklar salınır, xiyabanlar yaradılır, küçələr yeni asfalt örtükləri ilə bəzədilir. Tarix muzeyinin qarşısında, eləcə də Qələbə meydanında yeni fantanların quraşdırılması, qərb giriş hissəsinin müasir formaya salınması şəhərin gözəlliyini daha da artırır. Ötən il isə 50-yə yaxın binanın fasadı və dam örtüyü yenidən qurulub. Şəhərin bütün məhəllə və küçələrində işıqlanma sistemlərinin müasir formada quraşdırılması, bağ massivlərində 19 küçəyə asfalt örtüyünün salınması, yaşıllıqların suvarılma sisteminin yenidən qurulması sakinlərin böyük razılığına səbəb olmuşdur. 
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov artıq formalaşmış ənənəyə uyğun olaraq "Şəhər günü”ndə şəhərin tikilib qurulmasında əməyi olan əmək veteranları ilə görüşməyi vacib bildi. Veteranlarla görüşdə şəhərin inkişaf tarixi barədə geniş müzakirələr aparıldı, yeni inkişaf strategiyası ətrafında fikir mübadiləsi həyata keçirildi. Eyni zamanda, əmək veteranlarına Mingəçevirin bu günündən və gözəlliyindən bəhs edən foto bukletlər və digər suvenirlərdən ibarət hədiyyələr təqdim olundu.
İlham İsmayılov gələcəkdə görüləcək işlər barədə toplantı iştirakçılarına məlumat verdi. Onun sözlərinə görə, keçmiş sovet dövründən qalmış sənaye  müəssisələrinin dirçəldilməsi və sənaye parkında müəssisələrin sayının artırılması istiqamətində əməli addımlar atılmaqdadır və yaxın vaxtlarda mingəçevirlilər bunun bəhrəsini görəcəklər. Belə ki, Mingəçevir Sənaye parkı ərazisində yeni fabrikin inşa olunması və Regenerat zavodu ərazisində müasir tələblərə cavab verən sənaye parkının qurlması nəzərdə tutulub. 
Tədbir başa çatdıqdan sonra İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və əmək veteranları ilə birlikdə şəhər turuna çıxdılar. Şəhər turu əvvəlcə Mingəçevirin qərb giriş qapılarının müasir formaya salınmasına baxışla başlayıb, Abdulla Şaiq küçəsinidəki 5-11 nömrəli yaşayış binalarının önündə salınmış nümunəvi məhəlləyə baxışla davam etdi. Həmçinin, Şah İsmayıl Xətai küçəsi ərazisindəki 135-ci məhəllədə aparılan quruculuq işləri nəzərdən keçirildi, yenidənqurmanın  xüsusi zövqlə görülməsi qeyd olundu.
Tofiq Əsgərov
 
7News.Az
 No description available.
No description available.
 No description available.
 
No description available.
 No description available.No description available.
 
No description available.
 
No description available.

 

RƏYLƏR