Mingəçevir Dövlət Universiteti ilə “Kapital Bank” arasında əməkdaşlıq imkanları müzakirə edilib

OXUNUB: 1001 SOSİAL

Mingəçevir Dövlət Universiteti (MDU) ilə "Kapital Bank” arasında potensial əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib. "Kapital Bank”ın Mingəçevir filialında keçirilən görüşdə MDU-nun rektoru Şahin Bayramov, "Kapital Bank”ın Korporativ satışlar departamentinin əməkdaşları Vasif Hüseynov və Elmar Ləmbəranski, filialın müdiri Elşən Qasımov və MDU-nun müəllimi Arif Kələşov iştirak ediblər.


MDU-nun əsas hədəfləri barədə məlumat verən Ş.Bayramov ölkənin bank sektorunda mühüm yer tutan "Kapital Bank” ilə qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını bildirib. MDU-da bakalavriat və magistratura səviyyələrində maliyyə, mühasibat uçotu və iqtisadiyyat ixtisasları üzrə yüksək ixtisaslı kadr hazırlığı aparıldığını diqqətə çatdıran Ş.Bayramov tədris prosesinin məzmunun təkmilləşdirilməsi və əmək bazarının tələblərinə uyğun mütəxəssis yetişdirilməsi baxımından "Kapital Bank” ilə əməkdaşlığın faydalı olacağına əminliyini bildirib. MDU tələbələrinin təcrübə keçməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirən Ş.Bayramov "Kapital Bank”ın müvafiq əməkdaşlarının universitetdə tədris prosesinə cəlb olunmasının, onların iştirakı ilə konkret mövzular üzrə seminarların və praktiki məşğələlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

MDU ilə əməkdaşlığın mümkün istiqamətlərini diqqətə çatdıran Vasif Hüseynov və Elşən Qasımov "Kapital Bank”ın inkişaf strategiyasının əsas parametrləri barədə məlumat veriblər. Mingəçevirin yeganə ali təhsil müəssisəsi olan MDU ilə qarşılıqlı faydalı əməkdaşlığın yaradılması üçün real əsaslar olduğunu qeyd edən bank təmsilçiləri "Kapital Bank”ın yerli filialının kadr təminatı baxımından əməkdaşlığın önəmini qeyd ediblər.

Görüşdə MDU və "Kapital Bank”ın Mingəçevir filialının birgə təşkilatçılığı ilə milli iqtisadiyyatın prioritet istiqamətləri üzrə elmi-praktiki konfransların, digər ortaq tədbirlərin və sosial layihələrin həyata keçirilməsi imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.


 

RƏYLƏR