Mingəçevir Dövlət Universitetində Aprel döyüşlərinə həsr olunmuş virtual konfrans keçirilib

OXUNUB: 616 SOSİAL

Mingəçevir Dövlət Universitetində (MDU) "Aprel döyüşləri müstəqil Azərbaycanın müasir tarixinin qələbə və qəhrəmanlıq salnaməsidir” mövzusunda virtual konfrans keçirilib. İnternet üzərindən təşkil olunan konfransda MDU-nun struktur bölmə rəhbərləri və tələbə təşkilatlarının fəalları iştirak ediblər.


İC-MAL.Az-ın bölgə müxbiri xəbər verir ki, konfransı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir” sözləri ilə açan MDU-nun rektoru Şahin Bayramov koronavirusla mübarizə şəraitinə baxmayaraq, belə bir tədbirin keçirilməsini vacib hesab etdiklərini bildirib. 2016-cı ilin Aprel döyüşlərini Ali Baş Komandanımızın rəhbərliyi ilə güclənən Azərbaycan Ordusunun tarixi qələbəsi kimi dəyərləndirən Ş.Bayramov qeyd edib ki, Aprel döyüşləri Azərbaycan əsgərinin işğal altındakı bütün torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha sübut etmiş oldu. O, tarixi torpaqlarımızın bir hissəsinin düşmən tapdağından azad edilməsi ilə nəticələnən dörd günlük Aprel döyüşlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyini vurğulayıb.

MDU kollektivinin Aprel döyüşləri şəhidlərinin əziz xatirəsini daim ehtiramla andığını bildirən Ş.Bayramov həmin döyüşlərdə şəhid olmuş dörd mingəçevirlinin qəhrəmanlığına dair universitetdə mütəmadi tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Sonra MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova "Aprel döyüşləri Azərbaycanın hərbi qüdrətinin və Azərbaycan əsgərinin rəşadətinin təntənəsi kimi” mövzusunda məruzə ilə çıxış edib. E.Cəfərova hərtərəfli güclənməkdə olan ölkəmizin hərbi qüdrətinin nümayiş etdirilməsi, erməni təcavüzünün və Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılması baxımından Aprel döyüşlərinin əhəmiyyətindən danışıb.

MDU-nun tələbələri adından çıxış edən Tələbə Gənclər Təşkilatının sədr əvəzi Elmira Hüseynli Aprel döyüşlərinin hər bir Azərbaycan gəncinin qələbəyə inamını və vətənpərvərlik ruhunu gücləndirdiyini bildirib.

Virtual konfrans müzakirələrlə davam edib.












İCMAL.Az

RƏYLƏR