Mingəçevir Dövlət Universitetində Unibook – təhsilin elektron informasiya sisteminin tətbiqinə başlandı

OXUNUB: 944 SOSİAL
Bu gün 7 noyabr 2017-ci il tarixdə Mingəçevir Dövlət Universitetində ölkəmizin qabaqcıl texnologiya şirkəti "Neuron Technologies” ilə müqavilə imzalandı. Mingəçevir Dövlət Universiteti regionda yerləşən ali təhsil müəssisələri arasında Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetindən sonra, bulud platformasında istifadə olunacaq və mütərəqqi dünya texnologiyalarına əsaslanan "Unibook” – təhsilin informasiya idarəetmə sisteminin tətbiqinə start verən ikinci ali təhsil müəssisəsidir. Müqaviləni Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev və "Neuron Technologies” şirkətinin baş direktoru İsmayıl Ələkbərov imzaladılar.

"Unibook” – elektron təhsil platformasının universitetdə tətbiqi çərçivəsində tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resurslarının idarə edilməsi, təqaüd hesablanması və digər alt-sistemlərin tətbiqi nəzərdə tutulur. "Unibook” elektron təhsil sistemi vasitəsilə tələbələr tədris strukturlarını, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid informasiya mühitində istənilən fənn üzrə materialları onlayn qaydada əldə edəcək, müəllimlərin mühazirələri ilə tanış ola biləcəklər. 
Bütün tələbələrə və müəllimlərə onlayn sistemə giriş imkanı veriləcək və bunun üçün hər bir istifadəçinin xüsusi şifrəsi olacaq. Tələbələr "Unibook”a daxil olmaqla istənilən məlumatı öyrənə biləcəklər. Onlayn sistemdə universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdiriləcək. 
Elektron məlumat və idarəetmə sisteminin tətbiqi Mingəçevir Dövlət Universitetində son informasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhvə verəcək.
"Neuron Technologies” şirkətinin ərsəyə gətirdiyi "Unibook” – təhsilin informasiya idarəetmə platforması artıq Azərbaycan Təhsil Nazirliyi sistemində geniş tətbiq olunur və nüfuzlu ali təhsil müəssisələri, universitetlər təhsil proseslərinin idarə edilməsində məhz bu sistemə üstünlük verir. Azərbaycan şirkətinin "Unibook” elektron təhsil sistemi ölkəmizin ali təhsil müəssisələrində geniş tətbiq edilməklə yanaşı, həm də "made in Azerbaijan” brendi altında bir sıra xarici ölkələrə ixrac edilməyə başlanıb.
 
İcmal.Az

RƏYLƏR