Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

OXUNUB: 1054 SOSİAL
Mingəçevir Dövlət Universitetində Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Xocalı şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, ali təhsil ocağının rektoru Şahin Bayramov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal olunduğunu və Xocalıda tarixdə görünməmiş soyqırımı aktı törədildiyini bildirib. O, faciə nəticəsində 613 nəfərin xüsusi amansızlıqla qətlə yetirildiyini, onlardan 63 nəfərinin uşaq, 106-nın qadın və 70-nin qoca olduğunu, 8 ailənin isə tamamilə məhv edildiyini diqqətə çatdırıb. Bildirib ki, 25 uşağın hər iki valideynini, 130 uşağın isə bir valideynini itirdiyi həmin gecə 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. Qətliam gecəsi əsir götürülmüş 1275 nəfərdən 155-i barədə bu gün də heç bir məlumat yoxdur.

Ş.Bayramov Azərbaycanın və dünyanın ən qədim insan məskənlərindən biri olan Xocalıda törədilmiş erməni vəhşiliyi zamanı heç bir müharibə qanunlarının gözlənilmədiyini və günahsız mülki vətəndaşlara qarşı analoqu olmayan amansızlığın göstərildiyini bildirib. O, erməni vandalizminin bariz nümunəsi olan faciə nəticəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid olan çoxsaylı tarixi abidələrimizin məhv edildiyini diqqətə çatdırıb.

Rektor Xocalı faciəsinə ilk dəfə hüquqi və siyasi qiymətin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini bildirib. Qeyd edib ki, məhz Ulu Öndərin sayəsində faciənin əsl səbəbləri və günahkarları müəyyən edilib və dünya ictimaiyyətinə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində dünyanın bir neçə ölkəsi Xocalı faciəsini soyqırımı olaraq tanıyıb.

Rektor çıxışında Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərindən də bəhs edib. O, bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” kampaniyasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Xocalıda törədilmiş qanlı cinayətin cəzasız qalmayacağına və Xocalı da daxil olmaqla bütün tarixi Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olunacağına əminliyini bildirən rektor tələbə-gənclərin faciə barədə məlumatlandırılmasının vacibliyini bildirib.

Sonra universitetin Humanitar fənlər kafedrasının müəllimi Vüsalə Mövlayeva "Xocalı faciəsinə tarixi baxış”, dosent Namaz Manafov isə "Xocalı faciəsi və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə faciənin səbəbləri və nəticələri, o dövrdəki ictimai-siyasi vəziyyət, soyqırımı barədə dünya tarixçilərinin fikirləri, faciədən əldə edilməli olan dərslər, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi və digər məsələlər barədə danışılıb.

Tədbirdə Xocalı faciəsinin canlı şahidi olmuş dörd Xocalı sakini iştirak edib. Həmin gecə doğmalarını itirmiş Süleyman Xocalı və Alim İsmayılov o müdhiş gecədə baş verənlərdən və ermənilərin törətdiyi vəhşiliklərdən bəhs ediblər. Hər iki Xocalı sakininin çıxışı faciənin əsl mahiyyətini bir daha göstərib və tədbir iştirakçılarını təsirləndirib.

Sonra Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda tələbələrin ifasında Xocalı faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub.
 
 
 

 

RƏYLƏR