Mingəçevir Dövlət Universitetinin əməkdaşları abituriyentlərlə görüşüblər

OXUNUB: 340 Özəl SOSİAL
 
2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu imtahanlarının keçirildiyi ərəfədə Mingəçevir Dövlət Universitetində (MDU) maarifləndirmə və tanıtım məqsədilə abituriyentlərlə görüşlərə start verilib. Görüşlər MDU-nun bir qrup əməkdaşı tərəfindən Mingəçevir şəhəri və ətraf rayonlarda yerləşən ümumtəhsil məktəblərində təşkil olunub.

Universitetdən İcmal.az-a bildirilib ki, görüşlər zamanı abituriyentlərə düzgün ixtisas seçimi ilə bağlı müvafiq tövsiyələr verilib və universitetin tanıtımı həyata keçirilib. MDU-da kadr hazırlığı aparılan ixtisaslar, ötən ilin keçid balları, təhsil haqları, təqaüd və mübadilə proqramları, tələbə həyatı və müxtəlif fəaliyyətlər barədə məlumatları diqqətə çatdıran universitet təmsilçiləri abituriyentləri maraqlandıran sualları cavablandırıblar.

Bununla yanaşı, MDU-nun sosial şəbəkə hesablarında müvafiq məlumatlandırıcı videoçarxlar və posterlər paylaşılır.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da universitetin tanıtımı, tələbə olmağa namizəd abituriyentlərin maarifləndirilməsi və onlara müvafiq dəstəyin göstərilməsinə xüsusi önəm verilir.

RƏYLƏR