Mingəçevir icra başçısı “açıq mikrofon”da sakinləri narahat edən problemlərə toxundu: “HAMISI HƏLL OLUNACAQ” - FOTOLAR

OXUNUB: 2175 Özəl SOSİAL

Şəhərdə yaşıllıqların suvarılması üçün hansı tədbirlər görülməlidir?

 

Mingəçevir şəhərində İcra Hakimiyyətinin başçısının şəhər sakinləri ilə görüşü artıq ənənə halını alıb və mütəmadi qaydada keçirilir. Növbəti belə görüş noyabrın 15-də şəhər 9 saylı orta məktəbin akt zalında Rəsul Rza və M.Maqomomayev küçələrində yerləşən yaşayış binalarının sakinləri ilə keçirildi.

Başçı ilə görüş "açıq mikrofon” şəraitində keçdiyi üçün şəhər sakinləri sərbəst şəkildə öz şikayətlərini, arzu və təkliflərini səsləndirə bilirdilər. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov hər bir sakini diqqətlə dinləyir, qeydiyyatını aparır, məsələ barədə vətandaşa izahat verir və problemin həlli üçün dərhal yerindəcə tabeliyində olan müvafiq qurumun rəhbərinə göstəriş verirdi. Sıravi şəhər sakininin bu yanaşmadan duyduğu məmnunluq göz önündə idi.

Görüşdə səsləndirilən problem və təkliflərdən belə bir qənaətə gəlmək olardı ki, Mingəçevirliləri narahat edən əsasən üç məsələ var və əvvəlcədən vurğulamaq lazımdır ki, bu məsələlərin effektiv həlli yeli icra hakimiyyəti orqanı ilə mərkəzi icra hakimiyyəti orqanlarının məhsuldar əməkdaşlığından asılıdır.

Beləliklə mingəçevirliləri narahat edən birinci problem küçə və xiyabanlarda yaşıllıqların, çoxillik ağacların suvarılmasına diqqətin artırılmasıdır. Mingəçeviri gözəlləşdirən, onu həm yaşayış, həm də turizm üçün cəlbedici edən əsas amil şəhərin yaşıllığıdır. Şəhər sakinləri yaşıllıqların qorunması məsələsinə xüsusi həssaslıqla yanaşır, yeni ağacların əkilməsi, park və xiyabanların salınmasına xüsusilə sevinirlər. Ömrünün böyük hissəsini Mingəçevirdə keçirmiş İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu mənada sıravi mingəçevirlilərdən seçilmir. O böyük ruh yüksəkliyi və sevinclə elan edir ki, Azərbaycanın dahi mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar, 1-ci vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağacın əkilməsi planlaşdırılıb ki, bu kampaniya çərçivəsində Mingəçevir ərazisində 10 min ağac əkiləcək. Artıq bunun üçün bütün hazırlıqlar başa çatıb. Başçı həmçinin bildirdi ki, ilin əvvəlindən başlayan abadlıq və quruculuq işləri çərçivəsində şəhər ərazisində Dostluq Parkının ərazisi 1.4 hektar genişləndirilmiş, Günəşli, AzDRES yaşayış massivlərində, Aşıq Qurbani dairəsində yeni parklar salınmışdır. Bu parklarda vətəndaşların istirahəti üçün hər bir şərait yaradılmışdır.

 

İlham İsmayılov etiraf edir ki, yaşıllıqların qorunması suvarma sisteminin təkmiləşdirilməsini tələb edir və bununla bağlı nəzərda tutulan işlər barədə məlumat verdi. Məlum oldu ki, Nazirlər Kabinetinin müvafiq göstərişinə əsasən şəhərin köhnə su sistemi "Azərsu”QSC tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyətinə təhvil verilməli, bundan sonra İcra Hakimiyyəti yaşıllıqların suvarılmasının təmin edilməsi üçün bu sistemi bərpa stməlidir. İlham İsmayılov sakinlərə məlumat verdi ki, Mingəçevir şəhərində vətəndaşların qəbulunu həyata keçirən "Azərsu”QSC-nin rəhbəri Qorxmaz Hüseynovla bu məsələ ilə bağlı yekun danışıqlar aparılıb və qısa müddət ərzində istifadəsiz köhnə su sisteminin İcra Hakimiyyətinə təhvili başa çatacaq.

Şəhər sakinlərini narahat edən digər məsələ isə, Mingəçevirdə məşğulluğun hələ də tam təmin edilməməsi, yeni iş yerləri açılsa da bunların kifayət etməməsi ilə bağlıdır. Bu məsələ ilə bağlı öz narahatçılıqlarını dilə gətirən vətəndaşlara İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən keçmiş Toxuculuq Kombinatının bazasında yaradılan Mingəçevir Sənaye Parkında artıq iki fabrik tam gücüylə fəaliyyət göstərir və burada 700 nəfər işlə təmin olunub. MSP-də fabriklərin sayının 9-a çatdırılacağı planlaşdırılır və yaxın vaxtlarda yeni fabriklərin açılışının şahidi olacağıq. Təbii ki, Sənaye Parkının tam gücüylə işləməsi işsizliyin aradan qaldırılmasına əhəmiyyətli töhvə verəcək. Eyni zamanda, yaxın vaxtlarda "Azərxalça”QSC tərəfindən Mingəçevir şəhərində xalça fabrikinin inşasının planlaşdırıldığı, bunun üçün müvafiq ərazinin ayrıldığı bildirildi. Sahibkarlığın inkişafının diqqət mərkəzində saxlanıldığını bildirən İlham İsmayılovun üç iri sahibkarla danışıqların artıq yekunlaşdığını söyləyib və əlavə edib ki, yaxın vaxtlarda şəhərdə iri istehsal müəssisələrinin tikintisi başlayacaq. Bundan əlavə, prezident İlham Əliyevin göstərişinə əsasən cari il ərzində Mingəçevir şəhərindəki müəssisələrində 1200 yeni iş yeri açılmış və vətəndaşlar işlə təmin olunmuşdur.

Mingəçevir şəhərində istilik sisteminin işləməməsi vətəndaşları narahat edən digər bir məsələ kimi səyyari görüşdə dilə gətirildi. Dövlət Proqramına əsasən "Azəristiliktəchizat”ASC ilə bununla bağlı müvafiq müqavilənin imzalandığını diqqətə çatdıran İlham İsmayılov yaxın vaxtlarda qazanxanaların yenidən qurulacağını və mənzillərə istiliyin veriləcəyini vurğuladı.

Problemləri sadalamaqla yanaşı vətəndaşlar görülən işlərdən məmnunluqlarını da dilə gətirdilər. Xüsusilə bütün binalarda dam örtüklərinin yenilənməsi, liftlərin yeniləriylə əvəzlənməsi və məhəllələrin abadlaşdırılması ilə bağlı vətəndaşlar öz razılıqlarını İcra Hakimiyyətinin başçısına çatdırdılar.

Babək Həsənzadə

7NEWS.az






RƏYLƏR