Mingəçevir Şəhər İcra Hakimiyyətindən VƏTƏN TV-yə Cavab - TAM MƏTN

OXUNUB: 452 GÜNDƏM SOSİAL
"Vətən tv”  onlayn televiziyasında 30 sentyabr 2021-ci il tarixdə yayımlanmış "Camaat məmur özbaşınalığından təngə gəlib...” adlı verilişdə "VƏTƏN TV-nin xüsusi müxbiri İnqilab Şirinsoy” kimi təqdim olunan Mingəçevir şəhəri 594 nömrəli qəsəbədə bina-3A, mənzil 51-də müvəqqəti olaraq məskunlaşmış Kəlbəcər rayonunun Abdullauşağı kəndindən məcburi köçkün Şirinov İnqilab Xosrov oğlu  Mingəçevir şəhəri ilə bağlı bir sıra həqiqətə uyğun olmayan fikirlər səsləndirmiş və İcra Hakimiyyətinin ünvanına əsassız ittihamlara yer verərək ictimai fikirdə çaşqınlıq yaratmağa çalışmışdır.
Videonun əvvəlində "VƏTƏN TV-nin xüsusi müxbiri İnqilab Şirinsoy” kimi təqdim olunan şəxs "Mingəçevir şəhərində ən önəmli bu gün ictimaiyyəti narahat edən, vətəndaş cəmiyyətini narahat edən, Mingəçevir sakinlərini narahat edən bir amil”in güya şəhərdə Məşədi Əzizbəyovun adına küçənin mövcud olmasıdır deyə iddia səsləndirir. Bununla bağlı ortaya çıxan sual ondan ibarətdir ki, "Vətən tv”  onlayn televiziyası yaxud bu televiziyanın xüsusi müxbiri ictimai rəyi hansı yolla müəyyən edib?  "Vətən tv”   hansı sosioloji sorğunun nəticəsinə əsaslanaraq iddia edir ki, Mingəçevirdə ictimayyəti narahat edən əsas məsələ budur? Əgər bu iddialar sosioloji sorğunun yaxud başqa bir araşdırmanın nəticəsinə əsaslanmırsa müxbirin şəxsi mülahizəsinin ictimai rəy kimi təqdim edilməsi nə dərəcədə doğrudur?
Daha sonra, Şirinov İnqilab Xosrov oğlu  Mingəçevir şəhərinin Tərəvəzçilik sovxozu adlanan yaşayış massivindəki Boz dağ, Əkinçi, Bahar küçələrinin adlarını "gülməli” adlandırmış, İcra Hakimiyyətinin belə adlar qoymasını "həmin qəsəbə və onların sakinlərinə olan münasibətinin bariz nümunəsi” kimi qiymətləndirərək qəsdən əhalidə İcra Hakimiyyətinə qarşı mənfi rəyin formalaşdırılmasına çalışmışdır. Eyni zamanda o, güya "Yan” adlı küçənin olduğu barədə yalan məlumat vermişdir.
Bundan əlavə, aparıcı bilərəkdən ya da bilməyərəkdən səhv məlumat çatdıraraq qeyd edir ki, küçə adlarının dəyişdirilməsi Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarına əsasən güya İcra Hakimiyyətinin vəsatəti əsasında dəyişdirilir və ardınca İcra Hakimiyyətinin başçısının bu günə qədər nəyə görə Məşədi Əzizbəyovun adına olan küçənin dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında vəsatət qaldırmadığını sorğulayır.
Bildiririk ki, küçə və meydanlara adların verilməsi və dəyişdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş  Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.11.17.-ci maddəsinə əsasən həyata keçirilir. Bu məqsədlə İcra Hakimiyyətinin başçısı yanında əlaqədar dövlət orqanların rəhbərləri və nüfuzlu ictimai xadimlərdən ibarət "Küçə və meydanlara ad verilməsi və onların adlarının dəyişdirilməsi üzrə Komissiya” fəaliyyət göstərir ki, bu Komissiya qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq, həmçinin, yerli adlandırma ənənələri, adın ərazinin məzmunu ilə vəhdət təşkil etməsi, mədəni-tarixi həyatı ilə əlaqəli olan qədim məkan adlarına üstünlük verilməsi və s. bu kimi prinsipləri nəzərə alaraq bu və ya digər küçənin adını dəyişdirir yaxud yeni ad verir. Tərəvəzçilik Sovxozu adlanan yaşayış məntəqəsindəki Boz dağ, Əkinçi, Bahar, Kənar, 1-ci və 2-ci Məktəb küçələri vaxtilə yerli əhali tərəfindən qeyri-rəsmi olaraq küçələrə verilmiş adlardır ki, sonradan, yəni 2000-ci illərin əvvəlində, həmin küçələr nəqliyyat-infrastruktur obyekti kimi formalaşdıqdan sonra yerli adlandırma ənənələri prinsipinə əsaslanaraq küçə adları kimi rəsmiləşdirilmişdir. Tərəvəzçilik Sovxozunda sonradan salınan küçələrə isə İcra Hakimiyyətinin müvafiq komissiyası tərəfindən Milli Qəhrəman Dilqəm Nağıyev, Firudin bəy Köçərli, Hacıbaba Hüseynov, Ağasadıq Gəraybəyli, Sara Aşurbəyli və digər Azərbaycanın görkəmli simalarının adları verilmişdir.
Onu da bildirək ki, Mingəçevirdə Tərəvəzçilik Sovxozu adlanan yaşayış massivindəki Boz dağ, Əkinçi, Bahar, Kənar, 1-ci və 2-ci Məktəb küçələrinin adlarının dəyişdirilməsi ilə bağlı bu günə qədər İcra Hakimiyyətinə hər hansı rəsmi müraciət daxil olmamışdır. Belə bir müraciət daxil olarsa, müvafiq komissiya tərəfindən məsələyə baxıla bilər.
Şəhidlərin adlarının əbədiləşdirilməsi məsələsinə gəldikdə isə, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və həmin Qanunun qüvvəyə minməsi haqqında Milli Məclisin 1993-cü il 3 sentyabr tarixli 698 saylı qərarının 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarının 3.1.2-ci maddəsinə əsasən yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə  ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verə bilər. Bunun üçün, Sizin xüsusi müxbirinizin dediyi kimi, Nazirlər Kabinetinə vəsatət verilməsi tələb olunmur. Elə həmin maddədə qeyd olunur ki, yerli icra hakimiyyətləri orqanları Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə  ordenlə təltif olunan şəhid adlarının təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar. Şəhid ailələrinin şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı müraciətlərinə də, İcra Hakimiyyəti hər zaman qeyd olunan normativ-hüquqi aktlara istinad edərək cavab verir. 
Qeyri-qanuni tikinti və binaların birinci mərtəbəsində obyekt yerlərinin açılması ilə bağlı "Vətən tv” nin müxbiri belə bir rəy formalaşdırmağa çalışır ki, güya İcra Hakimiyyəti ümumi istifadədə olan yerləri heç bir normativ-hüquqi bazaya əsaslanmadan obyekt kimi istifadəyə verir, bu zaman güya Nazirlər Kabinetinin hansısa qərarını pozur hətta əlavə edir ki, bununla bağlı ona çoxlu müraciətlər daxil olur.
Bildiririk ki, Mingəçevir şəhərinin heç bir yerində qanunsuz tikinti işləri aparılmır və aparıla bilməz. Belə bir fakt aşkar olunarsa dərhal İcra Hakimiyyəti tərəfindən qarşısıalınma tədbirləri görülür.
Binaların birinci mərtəbələrinində obyektlərin yaradılmasına gəldikdə isə bu məsələlər qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun tənzimlənir. Vətəndaş şəxsi mülkiyyətində olan yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinə uyğun olaraq İcra Hakimiyyətinə müraciət edir. İcra Hakimiyyəti sahibkarlığın inkişaf etdirilməsi və iş yerlərinin yaradılması məqsədlərini rəhbər tutaraq, həmçinin, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi zamanı İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyasi olan layihə institutlarının rəyi və layihəsi əsasında müvafiq icazə verir. Həmin layihə tərtib olunarkən qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsində mövcud olan bütün normativlərə riayət olunur. Sonuncu belə icazələr isə əsasən şəhid və qazi ailələrinin üzvlərinə verilmişdir. Onu da bildirək ki, binaların birinci mərtəbələrinin qeyri-yaşayış sahələrinə çevrilməsinin binanın konstruksiyası yaxud görünüşünə hər hansı fəsad verməsi ilə bağlı bu günə qədər İcra Hakimiyyətinə heç bir şikayət müraciət daxil olmamışdır.
 Barəmizdə əsassız ittihamlar səsləndriməkdənsə jurnalistikanın əsas prinsiplərindən biri olan obyektivlik və qərəzsizliyin təmin olunması üçün "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sizə daxil olmuş müraciətlə (əgər belə bir müraciət həqiqətən olubsa) bağlı əvvəlcə Mingəçevir Şəhər İcra Hakimiyyətinə sorğu göndərməyiniz tələb olunduğu halda, bu addımı atmamağınız onu göstərir ki, əsas məqsədiniz əhalini məlumatlandırmaq deyil, dövlət orqanına qarşı böhtan atmaqla ictimai rəyi çaşdırmaqdır.
Əlavə olaraq xatırladırıq ki, Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 31 maddəsinin II bəndinə əsasən, vətəndaş və ya təşkilat barəsində kütləvi informasiya vasitəsində onların hüquqlarına və qanuni mənafelərinə toxunan məlumat dərc edildikdə və ya verildikdə, onların elə həmin kütləvi informasiya vasitəsində cavab dərc etdirməyə və ya cavab verməyə haqqı vardır. Həmin Qanunun 32-ci bəndində qeyd olunur ki, redaksiya verilmiş cavabları, mənasını təhrif etmədən, lazımi redaktə və ixtisarla dərc və ya elan etməyə borcludur. Təkzibin və cavabın rədd edilməsindən, yaxud onların bu Qanunla müəyyən edilmiş qaydasının pozulmasından Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə uyğun şikayət verilə bilər.
Odur ki, qeyd olunanları nəzərə alaraq, adıçəkilən videoyayıma cavab olaraq Mingəçevir Şəhər İcra Hakimiyyətinin mövqeyinin rəhbərlik etdiyiniz onlayn televiziyanın sosial şəbəkələrdəki  səhifələrində olduğu kimi dərc edilməsini Sizdən xahiş edirik.

RƏYLƏR