Mingəçevirdə “Şəhidlərin xatirə şöbəsi” yenidən qurulacaq

OXUNUB: 612 SOSİAL
Mingəçevir Şəhidlər xiyabanı xatirə kompleksində inşa olunmuş muzey mövcud tələblərə cavab vermir.
Şəhərin Tarix muzeyinin filialı olan Şəhidlərin xatirə muzeyi 1995-ci ildən fəaliyyətə başlayıb. Muzey 2 otaq və 1 ekspozisiya zalından ibarətdir. Muzeydə 328 Şəhidə aid olan 1809-dan artıq eksponatlar qorunub saxlanılır və gələn tamaşaçılara nümayiş etdirilir. Bu eksponatlar 6 Milli Qəhramanın büstü, 7 Azərbaycan Bayrağı Ordeni və 4 İgidliyə görə medalla təltif olunmuş Şəhidlərin portreti, digər Şəhidlərin fotoşəkilləri və şəxsi əşyalarından ibarətdir . Ona görə də 198 kvadratmetrlik binada nümayiş etdirilən 1809 eksponatın sərgilənməsi və qorunması üçün texniki imkanlar məhduddur. Muzeydə havalandırma sistemi yoxdur, işıqlandırma tələblərdən aşağı səviyyədədir. Şərait olmadığından 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş 51 mingəçevirli şəhidin doğmalarından muzey üçün əşyalar qəbul edilmir. Onlara muzeydə yeni eksponatların nümayişi və qorunması üçün tələb olunan şərait olmadığı üçün müvəqqəti olaraq həmin nümunələrin qəbul olunmayacağı bildirilib.
Qeyd edək ki, 2015-ci ildən Şəhidlərin xatirə muzeyi Mingəçevir şəhər Tarix muzeyinin Şəhidlərin xatirə şöbəsi kimi fəaliyyət göstərir.

7News.Az

RƏYLƏR