Mirhəsən Seyidov: Dünən bütün ölkə “Qarabağ”ın uğuruna sevinib

OXUNUB: 1112 QHT

 "İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov "Qarabağ” klubunun UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı açıqlama verib.

Açıqlamada deyilir: "Dünən "Qarabağ” dünyaya bizim olduğunu və gücümüzü çatdırdı. Ölkədə hamı "Qarabağ” klubuna inanırdı. Bu inam futbolçularımıza çox böyük dəstək və güc verirdi. Tarixi uğurumuz oldu bu oyun. Bizim bu kimi uğurlara imza atan gənclərimiz var. Yetişməkdə olan bu gəncliklə Azərbaycan böyük uğurlara imza atacaq və Qarabağda "Qarabağın” oyunu keçiriləcəkdir. Burada inam amili çox vacib nüansdır. Necə ki, bütün ölkə dünənki uğurun qazanılacağına, futbolçularımıza inanırdıq. 

Xüsusi təşəkkür düşür Qurban Qurbanova. O sübut etdi ki, biz bunu bacara bilərik. Artıq "Qarabağ” adı hallananda Azərbaycan deyiləcək. Azərbaycanın UEFA-da təmsil olunması böyük bir uğurdur. Çünki böyük dünya auditoriyasında Azərbaycan bayrağı dalğalanacaqdır. Azərbaycanın dünya arenasında "Qarabağ” adı ilə təmsil olunması, məhz "Qarabağ” futbol klubunun belə bir uğur əldə etməsi siyasi baxımdan da bizim dünyaya ötürmək istədiyimiz bir mesajdır. 

Bildiyimiz kimi 23 avqust tarixi Cəbrayıl və Füzuli rayonlarının işğal tarixi günü idi və belə bir gündə "Qarabağın” əldə etdiyi uğur bir mesaj oldu. Biz sosial şəbəkələr vasitəsilə də şahidi olduq ki, bu uğur Azərbaycanın mənfur düşmənlərinə heç də yaxşı təsir bağışlamayıb". 

"İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov onu da qeyd edib ki, "İrəli” İctimai Birliyi öz sıralarında olan gənclərlə birlikdə Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsi oyunlarında "Qarabağ” futbol klubunun yanında olacaq və hər zaman onlara dəstək olacaq: "Bu Azərbaycan futbolunda bir ilk idi. "Qarabağ” Futbol Klubunun bütün heyətini təbrik edirəm və uğurlar arzulayıram"./SalamNews

 

İcmal.Az

RƏYLƏR