MN: Düşmən tərəfi öz uğursuzluqlarını ört-basdır etmək üçün növbəti hiyləyə əl atıb

OXUNUB: 957 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ SİYASƏT

Son zamanlar Ermənistan ordusunda artmaqda olan ölüm və ağır bədən xəsarətləri ilə nəticələnən cinayət tərkibli hadisələrdən erməni ictimaiyyətinin diqqətini yayındırmaq məqsədilə düşmən planlaşdırılmış təxribatlar həyata keçirir.

 Belə təxribatlardan biri də Ermənistan tərəfindən sosial şəbəkələrdə azərbaycanlıların adı altında saxta profillər yaratmaq, bununla da vaxtaşırı guya Azərbaycan Ordusunda müxtəlif hadisələrin baş verdiyini iddia edən yalan məlumatlar yaymaqdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, Azərbaycan Ordusu barədə yalan, iftira, təxribat məqsədli xəbər yayan "Tofiq İbrahimov” adlı facebook profili Ermənistanın xüsusi xidmət orqanları tərəfindən yaradılaraq idarə edilir, həmin profildə paylaşılan bütün hadisələr uydurmadır, ad və soyadları çəkilən şəxslərin Silahlı Qüvvələrə heç bir aidiyyəti yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfindən sosial şəbəkələrdə məqsədyönlü şəkildə yaradılan saxta səhifələrdə ordumuzla əlaqədar yayılan neqativ məlumatlar təxribat xarakteri daşıyır və heç bir reallığı əks etdirməyən bu kimi xəbərlərin gələcəkdə də yayılması istisna edilmir.

"Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrini, sosial şəbəkə istifadəçilərini və ictimaiyyəti diqqətli olmağa, düşmən təbliğatına uymamağa, Ermənistanın bu cür təxribatlarına qarşı qlobal internet məkanında və mətbuatda aktiv əks-fəaliyyət göstərməyə çağırırıq, - deyə məlumatda qeyd edilib. /7News.Az

 

İcmal.Az

RƏYLƏR