MTRŞ-yə yeni sədr seçildi

OXUNUB: 517 SOSİAL

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

7News.Az-ın məlumatına görə, iclasda təşkilati məsələlərə baxılıb.

"Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Qeyd edək ki, İ.Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirib, 2002-ci ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika və tətbiqi riyaziyyat fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2000-2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.

2011-ci ildən yeni yaradılmış "Region” TV adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış "Region” TV telekanalının direktoru olub.

19 sentyabr 2016-cı ildən ARB Media Qrupun rəhbəri olub, "ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il sərəncamı ilə İsmət Səttarov altı il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

Evlidir, bir övladı var.

Xatrıladaq ki, bundan əvvəl Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov olub. O, 2003-cü ildən bu vəzifədə çalışırdı.

RƏYLƏR