“Müstəqillik Günü haqqında” qanun layihəsi MM-in iclasına tövsiyə edilib

OXUNUB: 336 index-manşet SİYASƏT
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 7NEWS.Az-a verilən məlumata görə, Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasın müzakirəsinə ilk olaraq "Müstəqillik Günü haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Əli Hüseynli bu il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilməsinin 30 ilinin tamam olacağını qeyd edib. O, Azərbaycan xalqının 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli şəraitdə, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qarşıladığını bildirib. Komitə sədri ölkə Prezidentinin imzası ilə daxil olan qanun layihəsinin torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyünün tam təmin olunduğu bir dövrdə daşıdığı mühüm siyasi və tarixi əhəmiyyətindən danışıb. Vurğulanıb ki, milli tariximizdə müstəsna əhəmiyyət kəsb edən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlər qanun layihəsində daha dəqiq ifadə olunub. Qeyd edilib ki, sənəddə mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulur.

Çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev qanun layihəsinin zəruriliyindən bəhs edib, onun müstəqillik tarixi baxımından əhəmiyyətinə toxunub.

İclasda iştirak edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Müstəqillik Günü haqqında” qanun layihəsi ilə bağlı fikirlərini açıqlayıb, Vətən müharibəsində Azərbaycanın zəfəri və dövlətçilik tarixi kontekstində sənədin əhəmiyyətindən, daşıdığı məna yükündən bəhs edib.

Sənədlə bağlı komitə üzvləri Tahir Kərimli, Erkin Qədirli, Azay Quliyev, Kamal Cəfərov, Nizami Səfərov, Bəhruz Məhərrəmov, Elşən Musayev, Vüqar İskəndərov öz fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Deputatlar qanun layihəsini baxılmaq üçün birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra komitədə gündəlikdə dayanan digər üç qanun layihəsinə baxılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbəti iki qanun layihəsinin birinci oxunuşda olduğunu və texniki xarakter daşıdığını bildirib. Belə ki, "Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi xüsusi qaydada hakim təyin olunan şəxslərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajının onların hakimlik stajına hesablanması ilə bağlı, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi isə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma istiqamətində yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə hazırlanıb.

Məlumat verilib ki, ikinci oxunuşda olan Mülki Məcəllədə, "Müflisləşmə və iflas haqqında”, "İcra haqqında”, "Banklar haqqında”, "Teatr və teatr fəaliyyəti haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və "Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır.

Qanun layihələrinin müzakirələrində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Əminə Ağazadə, Nurlan Həsənov, Kamal Cəfərov, Nizami Səfərov, Tahir Kərimli, Azay Quliyev çıxış edərək fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Hər üç qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

İclasda deputatlardan Cəbi Quliyev, Madər Musayev, Sabir Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

RƏYLƏR