Müştərinin gizli məlumatlarını başqasına verdilər – “Unibank”da

OXUNUB: 1527 Özəl İQTİSADİYYAT

Azərbaycanın ən ciddi banklarından biri sayılan "Unibank”da skandal sayılacaq hadisə baş verib.

Bankın işçiləri Mahir Abbasov adlı müştərinin məlumatlarını özündən xəbərsiz başqa bir müştəriyə verib. Bu barədə M.Abbasov özünün sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, "Unibank”ın Salyan filialının əməkdaşı ondan xəbərsiz şəxsi məlumatlarını *** 05 95 sonluqlu nömrəyə yönləndirib.

Müştəri bu barədə SMS məlumatlandırma aldıqdan sonra bankın Baş ofisinə yaxınlaşıb və bildirib ki, şəxsi məlumatlarının başqa nömrəyə yönləndirilməsi ilə bağlı heç bir tələbi olmayıb.

Skandal isə bundan sonra ortaya çıxıb. M.Abbasov şəxsi məlumatlının yönləndirildiyi nömrəyə zəng edib və məlum olub ki, xəttin digər ucundakı adamla eyni ad-soyad-ata adına sahibdirlər. "Unibank”ın Salyan filialının əməkdaşı da bu ad-soyad-ata adı oxşarlığına görə hər iki şəxsin məlumatlarını birləşdirib: "Məlum oldu ki, Salyanda yaşayan və mənlə eyni ad-soyadı daşıyan şəxs "Unibank”da VÖEN hesabı açdırıb. Bankın "təcrübəli işçiləri” isə mənim məlumatlarımı onun hesabına bağlayıb”.

M.Abbasovun banka şikayətindən sonra problem həllini tapmaq əvəzinə, daha da qəlizləşib. Belə ki, "Unibank”ın işçiləri bu dəfə də Salyanda yaşayan Mahir Abbasovun məlumatlarını Bakıda yaşayan adaşına yönləndiriblər.

"Unibank”ın müştərilərinin gizlilik prosedurunu pozduğunu bildirən şikayətçi haqlı olaraq sual edir ki, sabah kimsə onun adından kredit götürsə, hesabından pul çıxarsa və ya bankda başqa bir əməliyyat həyata keçirsə, bunun məsuliyyətini kim daşıyacaq?

Məsələ ilə bağlı "Unibank”ın da mövqeyini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik./bakupost

7NEWS.az


RƏYLƏR