Naqif Həmzəyev: Viza tələbinin ləğvi Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmazlığından xəbər verir

OXUNUB: 35 SİYASƏT
Dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bu gün bütün dünyaya örnəkdir. Dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə malik olması hər iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan-Türkiyə arasındakı münasibətlər, siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Ölkə Başçısı İlham Əliyevin dediyi kimi: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk". 
Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafı ölkələrimiz arasında viza sahəsindəki əməkdaşlıqda yeni səhifənin açılmasına, hər iki ölkə vətəndaşlarının sərbəst gediş-gəlişinin təmin edilməsinin asanlaşdırılmasına şərait yaratdı. Belə ki, 1 sentyabr 2019-u il tarixindən etibarən Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi ləğv edilir. Həmçinin, Türkiyə Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşları viza tələbindən azad edilib. 
Viza tələbinin ləğvi qərarı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə uğurla inkişaf edən qardaşlıq və dostluq münasibətlərinin məntiqi nəticəsidir. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.
 
 
 
İcmal.Az

RƏYLƏR