Nazir: Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi çərçivəsində nizamlanmalıdır

OXUNUB: 840 SİYASƏT

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean üzrə naziri Konketta Fierravanti-Vells ilə görüşüb.

XİN-in mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avstraliya arasında ikitərəfli münasibətlərin inkişafından və son dövrlər qarşılıqlı səfərlərin artmasından məmnunluq ifadə olunub.

Nazirlər 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini bildirərək, ikitərəfli əlaqələri daha da inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. K. Fierravanti-Vells Azərbaycana səfər edən ilk avstraliyalı nazir olmasından məmnunluq ifadə edib və bu ilin oktyabr ayında avstraliyalı iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfər edəcəyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verən E. Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizamlanmalı olduğunu qeyd edib.

K. Fierravanti-Vells ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Görüşdə ikitərəfli münasibətlərdə parlament diplomatiyasının önəmi vurğulanıb və bu xüsusda Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətindən razılıq ifadə edilib, eləcə də Azərbaycanla Avstraliya arasında gəmi qayırma, kənd təsərrüfatı, turizm və ərazilərin minalardan təmizləmə sahəsində əməkdaşlığın inkişafı etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

RƏYLƏR