NAZİRLİK İŞƏ QARIŞDI: iş adamı Xətaidə kəsdiyi ağacların hamısını bərpa edəcək - MƏCBURİ GÖSTƏRİŞ

OXUNUB: 618 Özəl HADİSƏ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonunda 130-dan çox ağacın sökülməsi və kəsilməsi ilə bağlı məlumat yayıb. 
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Bakupost.az-a bildirib ki, nazirliyin əməkdaşları mayın 5-də Xətai rayonunda ağacların kəsilməsi ilə bağlı iddiaları yerində araşdırıb. 
 
Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, 8 çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib. Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə Nazirlik tərəfindən "məcburi göstəriş” verilib.
 
Nazirlik rəsmisi onu da bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sözgedən ünvanda ağacların kəsilməsi ilə bağlı 16 aprel 2019-cu il tarixində də  şikayət daxil olmuşdu: "Araşdırma zamanı M.Hadi küçəsi, 93/99 ünvanında 0,24 hektar yaşıllıq sahəsinin tikinti məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə vətəndaş Həzrət Temirova ayrıldığı müəyyən edilmişdi. Ərazidəki 131 müxtəlif cinsli ağac Nazirliyin əməkdaşları tərəfindən qeydiyyata alınaraq torpaq mülkiyyətçisinə təhvil verilmişdi. 
 
Qeyd edək ki, sözügedən ünvandakı ağacların kəsilməsi və köçürülməsi ilə bağlı 28 mart 2019-cu il tarixində mülkiyyətçinin oğlu Rüstəm Temirov, 3 aprel 2019-cu il tarixində isə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Nazirliyin Dövlət Ekspertiza İdarəsinə müraciət olunub, lakin yaşıllıqların toxunulmaz qalması məqsədəmüvafiq hesab edilib, ağacların köçürülməsi və kəsilməsinə icazə verilməyib”. 
 
İcmal.Az

RƏYLƏR