Nazirlikdən şikayətçi olan Şahbaz Quliyev xaricdən sığınacaq istəyəcək: "Elə hörmətsiz adamam ki, “lapetə” zibil yığam?!”

OXUNUB: 350 GÜNDƏM SOSİAL
"9 aydır ki, erməni girovluğundan Azərbaycana gəlmişəm. Sanki ikinci dəfədir anadan olmuşam”.

Bu sözləri Cebhe.info- ya açıqlamasında Ermənistanın girovluğundan azad edilmiş Şahbaz Quliyev deyib:

"Məni ikinci həyata qaytarmaqda Ali Baş Komandanımız İlham Əliyevin rolu var. Prezidentin göstərişi ilə bu gün ən yaxşı xəstəxanada müalicə olunuram. 9 aydır dərman atıram. Minnətdaram! Buna baxmayaraq, bəzi məmurlar vəziyyətimlə maraqlanmır. Ərizə verirsən, baxan yoxdur. Mənə 130 manat pensiya kəsilib. Daxili orqanlarım zədəlidir, yoxdur, ayaqlarımda problemlər var”.

Hazırda iş qabiliyyəti olmadığını deyən Şahbaz Quliyev səhhətindəki problemlərə görə fəhlə belə işləyə bilmədiyini deyir:

"Mənə deyirlər ki, səni zibil idarəsinə qeydə salaq. Mən elə hörmətsiz adamam ki, "lapetə” zibil yığam?! Mən bu gün əsirlikdən gəldiyim paltarın içindəyəm. Qırmızı Xaç Komitəsinin verdiyi paltarların içində gəzirəm. Koftanın üstündə erməni bayrağı var. Bunu mürəkkəblə rəngləyib geyinirəm. Mən həmin paltarın şəklini çəkib hamıya göstərim ki, erməninin bayrağı olan koftanı geyinirəm?! Gülünc vəziyyətdir. Bu gün veteranlığımı ala bilmirəm”.

Şahbaz Quliyev sosial vəziyyəti ilə bağlı məsələnin düzəlməyəcəyi təqdirdə mətbuat konfransı çağıracağını, ya da başqa ölkədən sığınacaq istəyəcəyini deyir:

"Evimin işığı, qazı, suyu yoxdur. Heç kim gəlib maraqlanmır”.

O, həmçinin əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Sosial Müdafiəsi Nazirliyinin əməkdaşıları ayda bir dəfə gəlib onun yaşadığı ünvana şəkil çəkdirib gedirlər: "Sosial vəziyyətimlə bağlı bacılarım mənə dəstəkdir”.

RƏYLƏR