Nazirliyin keçirdiyi müsabiqənin nəticəsi SƏS-KÜY YARATDI - RƏYLƏR

OXUNUB: 923 GÜNDƏM SOSİAL

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu günlərdə 3 istiqamət - uşaqlar, əlillər və sosial qayğıya ehtiyacı olan, sosial imkanları məhdud qrupların reabilitasiyası üzrə elan etdiyi müsabiqənin nəticəsi açıqlanıb. Lakin sosial sifariş əsasında keçirilən bu müsabiqənin nəticələri birmənalı qarşılanmayıb. Müxtəlif qeyri-hökumət təşkilatı rəhbərləri, ictimai sektorun fəal üzvləri müsabiqənin qaliblərinin uğurlu seçim olmadığını, onların ictimai sektorda tanınmadığını vurğulayıblar. Hətta bəziləri nəticələrin gülüş doğurduğunu bildirib.

"Çox tanınmadıqlarından axtarmağa dəyməz"

"İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə Publika.az-a açıqlamasında müsabiqədə bütün QHT-lər üçün informasiya əlçatanlığının təmin edilmədiyini düşündüyünü bildirib:

"Bu, sosial sifariş əsasında keçirilən müsabiqə olduğundan ona müsbət yanaşırıq. Bu həm QHT-lərin bazalarının genişləndirməsinə imkanı verir, həm də təşkilatlar sırf özlərinə aid məsələlərlə məşğul olurlar. Müsabiqənin ədalətli və ya ədalətsiz keçirilməsi barədə birmənalı fikir deyə bilmərik. Lakin bu cür sosial sifarişlərə informasiya əlçatanlığının daha çox olmasını dəstəkləyirik. Məsələn, Pezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası müsabiqə elan edəndə bu xəbər geniş işıqlandırılır, təşkilatlara bərabər imkanlar yaradılır. Bütün təşkilatların məlumatı olduğuna görə daha çox müraciət olur və ən yaxşı layihələr qiymətləndirilir. Təklifim budur ki, bu cür sosial layihələrlə bağlı məlumatlar da daha geniş informasiya şəbəkələrində yayımlansın. Həmçinin sosial sifarişlərin sayı artırılmalıdır ki, prosesə daha çox təşkilat cəlb olunsun. Bu həm də QHT-lərin ixtisaslaşmasını təmin edəcək”.

Qalib təşkilatların hətta QHT rəhbərləri tərəfindən tanınmaması ilə bağlı iddialara münasibət bildirən C.Hüseynzadə bunun vacib məqam olmadığını deyib:

"Təşkilatın az tanınması onun qalib olmasına mane deyil. Düzdür, həmin qalib təşkilat rəhbərlərinin adını axtarıb tapa bilərik, lakin çox tanınmadıqlarından bunu axtarmağa dəyməz. Lakin az tanınmaq qalib olmamaq üçün göstərici deyil. Əsas məsələ qalib olan təşkilatın iş üzrə təcrübəsidir. Nəticələrə əsasən deyə bilərəm ki, sözügedən müsabiqədə qalib gələn təşkilatların bu sahə üzrə təcrübələri var. Amma məlumat daha çox olsaydı, o zaman daha çox təşkilat müsabiqədə iştirak edər və ən yaxşı ideyalar dəstəklənərdi”.

"Yeni təşkilatlar peşəkarlıq baxımından əvvəlkilərdən heç də geri qalmır"

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Publika.az-a açıqlamasında qeyri-hökumət təşkilatlarının sayının ildən-ilə artdığını və yeni təşkilatların iş baxımından əvvəlkilərdən heç də geri qalmadığını vurğulayıb:

"Artıq QHT-lərin sayı 4 mini keçib. Bu say artan dinamika ilə inkişaf edir. Bu artım təkcə say yox keyfiyyətdə də özünü göstərir. Yeni təşkilatların yaranması, ayrı-ayrı mütəxəssislərin birləşib bir icma yaradaraq sosial, uşaq problemlərinin həlli istiqamətində işləməsi təbii haldır. Dövlət ictimai sektora diqqəti sayəsində bu sahədə canlanma müşahidə olunur. Cəmiyyətimiz də hər zaman bu inkişafı arzu edib. Yeni təşkilatların meydana çıxmasına qısqanclıqla yanaşmaq olmaz. QHT-lər əvvəllər yaranmış təşkilatlardan ibarət deyil. Yeni təşkilatlar məsuliyət və peşəkarlıq baxımından daha öncə yaranmış təşkilatlardan heç də geri qalmır”.

Müsabiqənin nəticəsinin belə müzakirəyə səbəb olmasına gəldikdə, F.Qurbanov bildirib ki, bununla bağlı dəqiq fikir söyləmək üçün qalib layihələrlə bir-bir tanış olmaq lazımdır:

"Bu müsabiqənin təşkil edilməsi və nəticəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daxili işidir. Qrant müsabiqələrinin təşkili qaydaları mövcuddur, ölkəmizdə donor institutlarının fəaliyyət ənənəsi yaranıb, müəyyən təcrübə toplanılıb. Bu təcrübəyə istinad edərək qrant müsabiqəsi təşkil edilir və qiymətləndirmə aparılır. Bu, ayrı-ayrı QHT-lərin fərdi yanaşması deyil, hüquqi qaydalara söykənən qərardır. Əlbəttə, daha dəqiq fikir yürütmək üçün qalib təşkilatların təqdim etdiyi layihələrə baxmaq lazımdır. Lakin hesab edirəm ki, müsabiqə qalibi olmaq sadə məsələ deyil. Əgər QHT müsabiqənin qalibi olubsa, demək, o öz yanaşması, məsələyə münasibəti və məsələnin həlli istiqamətində təklif etdiyi layihə, büdcəyə yanaşması və təşkilatındakı mütəxəssislərlə digər təşkilatlardan fərqlənir. Bu fərqi digər təşkilatların bilməməsi mümkündür, lakin ekspert heyəti, müsabiqə komissiyası qərar verərkən tələbləri nəzərə alır. Ona görə də QHT-lərimiz məsələyə bir az tolerant yanaşmalıdır. Müsabiqə qalibinin Bakıda fəaliyyət göstərən və ya bölgədə fəaliyyət göstərən təşkilatın seçilməsinin fərqi yoxdur. Önəmli olan seçilən təşkilatın peşəkar olması mütləqdir. Problemin həlli üçün daha çox tövhə verən təşkilatlar da iştirak edib, qalib olsa daha yaxşıdır. Onun hansı bölgəni təmsil etməsi mütləq deyil”.

"Açıq-aşkar qərəzli yanaşmanın nəticəsidir"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman BabayevPublika.az-a açıqlamasında səsləndirilən fikirlərə aydınlıq gətirib.

"Sosial sifarişlər əsasında çətin həyat şəraitində olan uşaqlara sosial və reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan olunan müsabiqələrin təşkili prosesi tam şəffaflıq şəraitində təşkil olunur və ötən dövrdə bu sahədə qeyri-hökumət təşkilatlarına münasibətdə hansısa ayrı-seçkiliyə yol verilməsi halı baş berməyib. Bununla belə, kiminsə sosial şəbəkədə sosial sifarişlər üzrə sosial xidmətlərin göstərilməsi üçün təşkil olunan müsabiqələrin keçirilməsində guya qeyri-şəffaflığa yol verilməsi barədə heç bir fakta, əsasa söykənməyən, subyektiv fikirlərin yer alması təəssüf doğurur. Qeyd olunan meyarlara cavab vermədiyi, sosial xidmətlərin göstərilməsi üçün yetərincə potensialı olmadığı üçün müsabiqədə iştirak hüququnun verilməməsindən, yaxud müsabiqədə qalib gəlməməkdən dolayı hansısa QHT təmsilçisinin həmin müsabiqə prosesi barədə narazılığını böhtan şəklində ifadə etməsi açıq-aşkar qərəzli yanaşmanın nəticəsidir”.

Şöbə müdiri vurğulayıb ki, nazirliyin bütün fəaliyyət sahələrində olduğu kimi, bu sahədə də şəffaflığın və sosial xidmətlərin göstərilməsi işlərinə cəlb olunacaq QHT-lərin müəyyən olunmasında bərabər yanaşmanın təmin olunması diqqətdə saxlanılır: "Hər il nazirlik tərəfindən çətin həyat şəraitində olan uşaqların və ailələrin ehtiyac duyduqları sosial xidmətlərlə təmin olunması üçün fəaliyyət istiqamətləri müəyyən olunaraq, həmin istiqamətlər üzrə müsabiqələr elan olunur. Bütün müsabiqə elanları, eləcə də müsabiqələrin nəticələri nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki "Sosial sifarişlər üzrə müsabiqələr” bölümündə təqdim edilir. Yəni ilk növbədə bu sahədə bütün işlər barədə məlumatların cəmiyyətə açıqlığı, o cümlədən sosial xidmətlər göstərməkdə maraqlı tərəflərin bu məlumatlara çıxışı təmin olunur”.

Şöbə müdiri diqqətə çatdırıb ki, sosial sifarişlər üzrə müsabiqələrin təşkili prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir: "Müvafiq Komissiya tərəfindən müsabiqəyə müvafiq sosial xidmət növü üzrə tam və ya qismən ixtisaslaşmış, həmin sahədə peşəkarlıq və təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı olan, vergilər və digər icbari ödənişlərlə bağlı vaxtı keçmiş öhdəlikləri olmayan təşkilatlar buraxılırlar. Müsabiqə prosesi də aşkarlıq şəraitində, müraciət etmiş təşkilatların nümayəndələrinin iştirakı ilə, tam bərabər yanaşma əsasında, müvafiq kateqoriyadan olan uşaqlara daha keyfiyyətli sosial xidmətlər göstərə bilən QHT-lərə üstünlük verilməklə, ədalətlilik prinsipi əsasında keçirilir”.

E.Babayev əlavə edib ki, nazirliyin sosial sifarişləri üzrə ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan sosial xidmət layihələrinin sayı son beş ildə iki dəfədən çox artaraq 70-i ötüb:

"Onlardan 67 layihə sağlamlıq imkanları məhdud olan və ya sosial təhlükəli vəziyyətdə olan uşaqlarla bağlıdır. Layihələr çərçivəsində çətin həyat şəraitində olan uçaqlar üçün müxtəlif bölgələrdə günərzi qayğı və icma əsaslı reabilitasiya xidmətlərinin, habelə Portec metodikası ilə sosial reabilitasiya xidmətlərinin eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin, autizm xəstəliyi olan uşaqlara defektoloji və psixoloji yardımların, əqli geriliyi olan sağlamlıq imkanları məhdud uşaqlara psixo-sosial dəstəyin göstərilməsi və s. istiqamətlərdə işlər aparılır. Həmin layihələr üzrə sosial xidmət göstərilən uşaqların sayı da 2017-ci ildə əvvəlki illə müqayisədə iki dəfədən çox artaraq 4,1 min nəfərə çatıb”.

Qeyd edək ki, müsabiqə 3 istiqamət - "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Yevlax, Lənkəran, Tovuz, Bərdə, Quba, İsmayıllı rayonları üzrə)”, "Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Şəmkir, Biləsuvar, Cəlilabad, Xaçmaz, Masallı, Sabirabad, Yardımlı, Şamaxı, Ağdaş, Zaqatala, Ağstafa, Saatlı, Balakən, Göyçay, İmişli, Gədəbəy, Sumqayıt, Mingəçevir, Şirvan, Qəbələ, Kürdəmir və Samux şəhər və rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili”, "Əlilliyi olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması”nı mövzularını əhatə edir.

RƏYLƏR