Neft sənayesinin "Zöhrab" adlı problemi, yeni quyu qazıla bilinmir

OXUNUB: 936 İQTİSADİYYAT

Son vaxtlar Bakının Buzovna və Maştağa qəsəbələrində neft mədəni ərazilərinin zəbt edilməsi halları çoxalıb.

"Report”un məlumatına görə, bir neçə gün əvvəl boş görülən ərazidən yenidən keçəndə artıq bir neçə ev tikilməsinin şahidi olursan. Burada qanunsuz tikilən evlər yağışdan sonra çoxalan göbələklər kimi artır. Araşdırmalar onu göstərir ki, mədən ərazilərində özünə "biznes” quran 3-5 makler buralarda at oynadır. Onlardan biri də Hüseynov Zöhrab Adil oğludur.


 

 
Uzun müddətdir neft mədənlərinin ərazisini zəbt etməklə məşğul olan bu şəxsin həyata keçirdiyi bir sıra qanunsuz tikinti işlərini sizə təqdim edirik.

Zöhrab Hüseynov 2018-ci ildə 1004 saylı neft quysunun yaxınlığındakı 10 sot torpaq sahəsini zəbt edib. Mühafizəçilər tərəfindən ona mədən ərazilərində tikinti işlərinin aparılmasının qanunla qadağan edildiyi barədə dəfələrlə xəbərdarlıq edilsə də, bunların heç birinə məhəl qoymayıb və qısa müddətdə ikimərtəbəli ev tikdirib.


 

Bundan sonra o 259 saylı neft quyusunun yaxınlığındakı boş torpaq sahəsinə göz dikib. Qısa zamanda 6 sot mədən ərazisini hasara alıb burada da 9x9 ölçüdə ev tikdirib.

Zöhrab Hüseynovun özbaşınalığı o həddə çatıb ki, artıq o birbaşa neft hasilatı prosesinə mane törədir. Belə ki, 30.06.2020-ci il tarixində mühafizəçilər 1004 saylı neft quyusunun yerləşdiyi 17 sot boş torpaq sahəsinin hasara alındığını aşkarlayıb. Zəbt olunan ərazi 1030 saylı quyudan 8 metr, 1371 saylı quyudan isə 57 metr məsafədədir.

Üstəlik həmin ərazidə yeni neft quyusunun qazılması da nəzərdə tutulub. Lakin Zöhrab Hüseynovun həyata keçirdiyi qeyri-qanuni tikintilər buna mane olub. Təsəvvür edin bu ərazilərdə elə bir qəribə vəziyyət yaranıb ki, işi neft hasil etmək olan H.Z. Tağıyev adına neft-qaz çıxarma idarəsi böyük bir işçi qüvvəsini neft istehsalından ayırıb məhz Zöhrab kimi mədən ərazilərini zəbt edən maklerlərlə mübarizəyə cəlb edib.

Hazırda Zöhrab Hüseynov Buzovna-Maştağa yolunun sol tərəfində, Abşeron küçəsi, döngə 19-un sonunda zəbt etdiyi neft mədəni ərazisində növbəti qanunsuz tikinti işini başa çatdırmağa çalışır. NQÇİ-nin əməkdaşlarının və mədən mühafizəçilərinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq o tikintini davam etdirir. Ətrafına yığdığı bir qrup insanla mühafizəçilərə hücum çəkən Zöhrab Hüseynov Buzovna Bələdiyyəsi tərəfindən verilən saxta sənədi əsas gətirərək deyir ki, heç kim bu tikintini dayandıra bilməz. O həddini bir qədər də aşaraq mühafizəçilər və polis əməkdaşları haqqında nalayiq ifadələr işlədib.

 

 

Əgər vəziyyət bu cür davam edərsə, bir müddət sonra Hacı Zeynalabdin Tağıyev adına neft-qaz çıxarma idarəsinin (NQÇİ) 3 saylı mədən ərazisi tamamilə yaşayış massivinə çevriləcək. Məlum məsələdir ki, kimsə icazəsiz daşı daş üstə qoya bilməz. Bəs necə olur ki, yerli icra hakimiyyətinin, polisin gözü qarşısında az qala qanunsuz tikililərdən ibarət qəsəbə salınır?

Görünür bəzi məmurlar üçün Zöhrab Hüseynovun qanunsuz biznesi ölkə iqtisadiyyatının lokomotivi hesab olunan neft sənayesindən və bu ərazilərdə məskunlaşdırılan insanların həyatından daha önəmlidir. Axı mədən ərazilərində hər an qəza, partlayış baş verə bilər. Ona görə də neft quyularının bir addımlığında yaşayan insanların həyatı hər an təhlükə ilə üz-üzədir.

 

RƏYLƏR