Nərimanovda sahibkarlar vətəndaşların “evini tikir” - Dövlət qurumları isə buna göz yumur (FOTOLAR)

OXUNUB: 61 HADİSƏ

Bakının Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində məskunlaşan sakinlər yaxınlıqda tikilən binalardan haqlı şəkildə narazılıq edirlər.

 

İcmal.Az xəbər verir ki, sakinlərin yaşadıqları 1969-cu məhəllədəki 34-cü bina  bir neçə metrlikdəki tikililərlə əhatə olunub. Olduqca yaxınlıqda inşa edilən binalar ucaldılan zaman nə tikinti normalarına, nə də tikinti standartlarına fikir verilib. 

 

Maraqlıdır ki, müvafiq dövlət qurumları həmin binaların tikintisinə hansı qanun və qaydalara əsasən icazə verib ? Açıq-aşkar görünür ki, yaşayış binasının fövqəladə giriş-çıxışı yoxdur. Baş verə biləcək bədbəxt hadisə və ya fövqəladə hal insanların həyatı üçün təhlükə yaradır. Çünki tikilməkdə olan binalar yaşayış  binasının cəmi 2 metrliyindədir. Yaşayış binasının arxası isə tamamilə bağlanıb. Əgər yanğın və digər hal baş verərsə, insanlar çox çətin durumda qalacaq. Məgər məmurlar və bu işə qol qoyan şəxslər vətəndaşların həyatı ilə oynadıqlarının fərqində deyillərmi ?  

 

Narazı və şikayətçi sakinlər ətrafda tikilməkdə olan binaların təhlükə mənbəyinə çevrildiyini vurğulayırlar. Bundan başqa, tikintidə şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri vətəndaşların istirahəti və yaşayışı nəzərə alınmadan iş aparılır. Olduqca səs-küylü tikinti işinin aparılmasından cana doyan sakinlər, səhər saatlarından başlayan işin gecəyədək davam etdiyini dilə gətirirlər. Hətta güclü səsdən uşaqlar və qocalar qorxu və təşviş içərisindədir. Başqa bir məsələ isə birotaqlı mənzillərin pəncərəsi arxa tərəfə baxdığından evlərə hava axınının gəlməməsidir. Sakinlər artıq isti yay günlərində bu havasızlığı hiss etməyə başlayıblar.   

 

Səhərlərini sadalanan problemlərlə açan Aşıq Molla Cümə küçəsinin sakinləri onlara yaradılan problemlərin tezliklə aradan qaldırılacağına ümid edir. Lakin görünən mənzərə odur ki, bina tikən şirkət və sahibkarlar, hələlik vətəndaşların "evlərini tikmək”lə məşğuldur. /demokrat

 

 

 

RƏYLƏR