“Nəsimi Bazarı”nın zərəri artıb

OXUNUB: 1027 İQTİSADİYYAT

"Nəsimi Bazarı” ASC 2019-cu ili  76 min 176 manat xalis zərər ilə başa vurub, bu, 2018-ci illə müqayisədə 15% çoxdur. ASC 2018-ci ili 66 min 426 manat xalis zərər ilə bağlamışdı.

7News.Az ASC-nin 2019-cu il dekabrın 31-nə mühasibat balansına istinadən xəbər verir ki, "Nəsimi Bazarı”nın 2018-ci ildə 179 min 192 manat təşkil etmiş əsas əməliyyat gəlirləri 2019-cu ildə 130 min 653  manata düşüb.

Ötən il "Nəsimi Bazarı”nın 130 min 653  manat gəlirlərinə qarşı cəmi xərcləri 206 min 829 manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən zərər yaranıb.

2018-ci illə müqayisədə 2019-cu ildə "Nəsimi Bazarı”nın cəmi aktivləri 7% artaraq 813 min 569 manata yüksəlib. Aktivlərin 328 min 926 manatını torpaq, tikili və avadanlıqlar təşkil edib.

May ayında "Nəsimi Bazarı” ASC-nin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı açıqlanmışdı. Ardınca mətbuatda çıxan məlumatlara görə, Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində yerləşən məşhur "Nəsimi bazarı”nın metal konstruksiyalarının sökülməsinə başlanılıb. Bazarın yanında artıq üç yeni yaşayış binası tikilir və bazarın yerində də binaların inşası gözlənilir.


RƏYLƏR