NRYTN modern layihələrə biganədir: Ekspertlər startap mühitindən narazıdır (III YAZI)

OXUNUB: 72 Texnologiya index-manşet HADİSƏ
Azərbaycanda startaplarla bağlı xeyli problemlər var. Mütəxəssislər bu sahədə ən müxtəlif çətinliklərin olduğunu bildirirlər. Startapçıların xüsusilə narazı qaldığı məqam investisiya risklərinin dövlət tərəfindən qarşılanmamasıdır. Bu sahədə isə aidiyyatı dövlət qurumu olan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (NRYTN ) passivliyi ciddi narazılıqlara səbəb olub. Nazirliyin tabeliyində ötən il yaradılan İnnovasiyalar Agentliyinin fəaliyyətə başlamaması da etiraz doğuran məqamdır.
 
Qeyd edək ki, agentlik, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı” MMC əsasında yaradılıb. 

Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir. Lakin təəssüf ki, bu müddət ərzində qurumun fəaliyyətə başlaması təmin edilə bilməyib. Agentliyin sələfi olan İKT Fondu kimi uğursuzluğa uğrayacağı da proqnozlar arasındadır. 

Mövcud problemlərin aradan qaldırılması məqsədilə bu ilin yanvarında prezident İlham Əliyev "Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda bir çox vacib məsələlər əksini tapsa da, mütəxəssislər problemin kökünün daha dərinlərdə olduğu qənaətindədirlər.
 


Startap Azərbaycan Təşkilatının rəhbəri Osman Gündüzün sözlərinə görə, bu sahədə əsas məsələ təhsillə bağlıdır: "Təhsil sektorundakı vəziyyət bu sahəni inkişafdan saxlayan başlıca amildir. Dünya təcrübəsi də göstərir ki, təhsil startapın inkişafında başlıca rol oynayan məsələdir. Bizdə İT yönümlü kadrlar yetərli səviyyədə deyil. Bunun isə əsas səbəblərindən biri odur ki, İT mütəxəssisləri hazırlayan sahənin, mexanizmin özü qüsurludur. Məsələn, İT sahəsini seçən şagird informatikadan deyil, kimyadan imtahan verməlidir. Bizdə bütün problemin bəlkə də 50 faizinin səbəbi məhz budur. Çünki İT-yə istiqamətlənən uşaq 11 il məktəbdə informatikaya deyil, kimyaya hazırlaşır. Bu, DİM-in və Təhsil Nazirliyinin birgə həll etməli olduğu məsələdir. Uzun bir müzakirə mövzusudur ki, nə üçün İT-ni seçən uşaq kimyadan imtahan verməlidir? Bax, bütün ekosistemə təsir edən amillərdən biri budur. Digər bir məsələ odur ki, sahibkarlar arasında maarifləndirmə aparılmalıdır. Məsələn, hansı risklər var, risklərdən necə yayınmaq olar, gəlirlər hansı səviyyədədir və s. Bunu etmədən heç bir investordan startaplara maraq gözləmək düzgün deyil. Ciddi məsələlərdən biri də qanunvericilik mühiti ilə bağlıdır. Məsələn, belə bir riskli sahədə sahibkarın sığortalanmasına təminat verən hüquqi normativ yoxdur. Dünya təcrübəsi də göstərir ki, startapın 90 faizi batır, cəmi 10 faizi gəlir gətirir. Bax, bu risklərin sığortalanması, güzəştli mühitin yaranması ilə bağlı təminat yoxdur. Məsələn, bizim uğurlu startaplarımız var, amma onlara baxanda görürük ki, ya Türkiyədə, ya Dubayda, ya da Amerikada qeydiyyatdadırlar. Çünki orada mühit hərtərəfli cəlbedicidir”. 

O.Gündüzün fikrincə, son dövrlərdə bu istiqamətdə müəyyən addımlar atılıb və müsbət nəticə gözləmək olar: "Məsələn, startaplara şəhadətnamələr verilməyə başlanacaq. Şəhadətnaməni alan startap artıq güzəştli mühitə daxil olacaq. Müəyyən qədər güzəştlər olacaq. Bu, ekosistemdə müəyyən dirçəliş yarada bilər.

Biz "Startap Azərbaycan” olaraq 4-5 ildir ki, universitetlərdə, gənclər arasında maarifləndirmə işləri təşkil edirik, "Startap günləri” keçiririk, təlimlər təşkil edirik. Universitetlərdə xeyli işlər görülməlidir. Cəmi 1-2 universitet var ki, orada innovasiya mərkəzi var, qalanlarda bu yoxdur. Ali təhsil müəssisələrində innovasiya mərkəzləri yaradılmalıdır. Bu ilin yanvarında innovasiyaların inkişafı ilə bağlı prezident tərəfindən bir fərman imzalandı. Fərmanda bir çox məsələlər nəzərdə tutulub, o cümlədən bütün qurumlarda innovasiyalara yer verilməsi ilə bağlı. Bu baxımdan fərmandan gözləntilər çoxdur. Artıq bütün qurumlara icazə veriləcək ki, innovasiyaya maliyyə ayırsınlar, bu istiqamətə dəstək versinlər. O cümlədən həmin fərmanda ümumiyyətlə  ölkədə innovasiyanın inkişafı ilə bağlı strategiyanın hazırlanması nəzərdə tutulub. Prezident Administrasiyasında müvafiq şöbə bu dəqiqə bu işlə məşğuldur. 
Yeri gəlmişkən qeyd edim ki, Nəqliyyat, Rabitə və İnfomasiya Texnologiyaları Nazirliyi tərəfindən atılan addımları yetərli hesab etmək olmaz. Burada əvvəlki vəziyyət daha yaxşı idi. İndi biz innovasiyalara dəstəyi başqa qurumlardan alırıq, nəinki adıçəkilən nazirlikdən. Prezidentin fərmanı ilə NRYTN nəzdində İnnovasiyalar Agentliyi yaradılıb, lakin hələ geniş fəaliyyətə başlamayıb. Ümid edirəm ki, başlayandan sonra hansısa nailiyyətlər əldə etmək mümkün olacaq”. 

Ekspertin sözlərinə görə, investorların startapa diqqət ayırmamasının səbəbi ümumi problemdir: "Bizim investorlar öyrəşiblər ki, investisiya yatırdığı sahə qısa müddətdə ona çoxlu gəlir gətirsin. Startap isə elə sahədir ki, azı 4-5 il gözləmək lazımdır böyük gəlir üçün. Bizim sahibkarlar hələ buna öyrəşməyiblər. Xaricdə olduğu kimi, bizdə də  startapları maliyyələşdirən "biznes mələklər” olmadığı üçün hökumətin vençur fondlar olmalıdır. Dövlət vençur fondları üçün yaşıl işıq yaradılmalıdır. Bizdə isə ümumiyyətlə belə fondlar yoxdur”. 
 


"Elektron Ticarət” İctimai Birliyinin idarə heyətinin üzvü Nicat Manafov bildirdi ki, startap mühitinin inkişafı bütün ölkələrin iqtisadiyyatının prioritet istiqamətinə və inkişaf strategiyasına birbaşa bağlı olan qollarındandır. "Ona görə də kiçik sahibkarlığın, istərsə də, startap ekosisteminin inkişafı müasir dövrümüzdə çox vacibdir” deyən mütəxəssisin sözlərinə görə, artıq texnologiya bütün həyatımıza daxil olub: "İnsanlar günlərinin ən azı 4 saatını mobil telefonda keçirirlər. Odur ki, bu inkişafda Azərbaycanın gənc, savadlı insanlarının yer alması, şirkətlərimizin bu sahədə təmsil olunması, dünya texnologiyasına məhsullar çıxarmağımız çox vacibdir. Amma təəssüflər olsun ki, bu vaxta qədər Azərbaycandan dünya bazarında kütləvi istifadə olunan heç bir layihə çıxmayıb. Bunun bir çox səbəbləri var. Bizdə çox yaxşı layihələr var, texniki baxımdan qabiliyyətli insanlar var. Amma bunların maliyyə resursları tapmaqda çox ciddi çətinlikləri var. Başlıca məsələ əlverişli şərtlərlə bank kreditlərinə əlçatanlığın olmamasıdır. Hansı ki, xaricdə hətta bəzən bir neçə sətrlik sadə biznes-planla 0 faizlə kredit götürüb layihə reallaşdırmaq mümkündür. Digər bir məsələ inkişaf etmiş sahibkarlıq mühitinin olmamasıdır. İnnovativ texnologiyalara marağı olan investorlar bizdə yoxdur. Azərbaycanda əlində daha çox pul olan investorlar məmur-oliqarxlardır ki, onlar da modern biznesə maraq göstərən deyillər. Onlar pulu restoranlara, otellərə yatırırlar, hansı ki, ən yaxşı halda ildə 5-10 faiz böyüyə bilər. Halbuki bir startap rahatlıqla ildə 200-300 faiz böyüyə bilir. Belə olan şəraitdə və dövlət tərəfindən də bu sahəyə həm qanunvericilik, həm vergi güzəşti olmadığı halda inkişaf olmayacaq. Ona görə də bu gün Azərbaycan startap ekosistemi yalançı tədbirlər, göstərişlər, nazirliklərin keçirdiyi formal biznes layihələri və hərəsinin içərisində yaradılan yalançı mərkəzlərdən ibarətdir. Təbii ki, bəzi operatorlar çalışırlar nəsə etsinlər, amma bunun da qarşısını yuxarıda sadaladığımız problemlər alır”.

Həmsöhbətimizin sözlərinə görə, İKT Fondunun fəaliyyətdə olduğu dövrdə maliyyələşdirdiyi onlarla layihədən biri də bu gün ayaqda deyil: "Səhv etmirəmsə 4 dəfə qrant verdi fond. Hər qrant verəndə 20-30 layihə maliyyələşirdi. Məbləğlər çox gülməli idi. O vəsaitlə Azərbaycanda nəinki startap etmək, heç normal iş görmək mümkün deyildi. Məqsəd o idi ki, biz 20-30 uşağa pul verdik. Ümumiyyətlə, Azərbaycanda keçirilən qrant layihələri sadəcə protokollaşmaya xidmət edir. Ekosistemdə siyasi startap məqsədi yoxdur. Hər şey göstəriş naminə edilir. Heç kim uzunmüddətli startap strategiya xəritəsinə malik deyil, heç bu barədə anlayışı olan adam da yoxdur burda.

Startapçı insan təşəbbüskar insandır. Necə olur ki, bizim gənclər gedir xarici ölkələrdə 0-dan başlayır uğur qazanır, amma Azərbaycanda bunu bacarmır? Demək ki, ekosistemin özündə problem var, mühit yoxdur”.

İcmal.Az

RƏYLƏR