“O məktəbli də, valideynləri də, videonu çəkən də ən ağır cəzanı almalıdır”- Elşən Musayev

OXUNUB: 287 Özəl SOSİAL
Millət vəkili: "Sanki nazir Emin Əmrullayevi hədəfə almaq üçün bəhanə axtaranlar da az deyil...”

"Bu gün məktəbdəki olayla bağlı sosial şəbəkələrdə yayılan video hər kəs kimi məni də dəhşətə gətirdi. Bir uşaq necə bu qədər amansız, vəhşi ola bilər? O yaşda adam öz sinif yoldaşına necə o cür şiddətli zərbələr endirə bilər? 9-cu sinif şagirdinə həmin tərbiyəni verən adam ya da adamlar kimdir? Bunun 12-13 yaşındakı vəziyyəti, halı budursa böyüyəndə nə olacaq, kim olacaq? Həqiqətən dəhşətdir. Hətta dəhşətdən də ötədir. İnanın, videoya 3 saat əvvəl baxmışam. Amma hələ də özümə gələ bilmirəm” -  7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Mən Baş Prokurorluğa çox minnətdaram ki, məsələni dərhal nəzarətə götürüb və artıq günahkar şəxslərin cəzalandırılması üçün tədbirlərə başlayıb. Belə uşaqlar, onların videosunu soyuqqanlı şəkildə çəkib paylaşan sinif yoldaşları, şagirdlər islah olunana qədər məktəbdən uzaqlaşdırılmalı, barələrində tədbir görülməlidir. Başqa yol yoxdur.

Amma bir məsələni də xüsusi vurğulayım. Son vaxtlar məktəb olayları ilə bağlı sanki Təhsil Nazirinin üzərinə getməyə bəhanə axtaran kəslər, qüvvələr də az deyil. Məqam düşən kimi Emin Əmrullayevi hədəfə alırlar. Hərgah, belə olmamalıdır. Nazir neyləsin? Bir-bir məktəblərə gedib hansı uşağın hansı tərbiyədə olması barədə rəymi alsın? Orta təhsil Konstitusion hüquqdur və bu hüquq yaşla bağlı avtomatik yaranır. Nazir isə məktəbdə təhsil alan şagirdin hansı tərbiyəyə sahib olduğunu və ya evdə necə tərbiyələndirildiyini müəyyənləşdirmək imkanında deyil. Ona görə hər kəs məsələyə obyektiv yanaşmalı, vəziyyəti düzgün təhlil etməli və hər olay üzərindən naziri "vurmaq” üçün fürsətcil davranmamalıdır. Emin Əmrullayev yetərincə təmiz reputasiyaya sahib olan məmurdur, vicdanlı insandır və heç şübhə etmirəm ki, son olayla da bağlı hər kəsdən çox o sarsılıb və məsələni axıra qədər öz nəzarətində saxlayacaq.

Hüquq-mühafizə orqanlarından isə xahişim budur ki, nə yaş nə də digər faktorlarla bağlı heç bir güzəştə getməsin. Həmin məktəbli, ona tərbiyə verən valideynlər, eyni zamanda çəkilişi aparan şəxslər qanunun tələbi ilə nəzərdə tutulan maksimum cəzanı almalıdırlar. Bir daha qeyd edirəm: Bu, dəhşətli videodur. Biz yüz cür dava-dalaş, tutaşma, qarşıdurma görmüşük. Amma mən məktəblə bağlı hələ beləsini görməmişdim. Allah o döyülən, şiddətə məruz qalan günahsız uşağın valideynlərinə səbr versin. Görün onlar həmin videonu izləyərkən nələr keçiriblər və uşaq özü hansı stressi yaşayıb.”- deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR