OBA marketdə müştəriyə kiflənmiş "Westgold" kərə yağı satıldı - FOTOLAR

OXUNUB: 1015 Özəl GÜNDƏM İQTİSADİYYAT
"OBA marketlər şəbəkəsindən aldığımız kərə yağı istifadə etmək üçün açdıqda kifləndiyini gördük".


Bunu jurnalist Həbibə Abdulla bildirib: "Buzovnada "Favorit" marketin yanındakı OBA marketdən "Westgold" kərə yağı aldıq. İşlətmək üçün açdıqda gördük ki, yağ həm kiflənib, həm də dadı dəyişib. Üzərindəki tarixə inansaq istifadə müddətinə hələ 1 il vardı. Dərhal yağı aldığımız marketə qaytardıq".
Məsələ ilə bağlı "Veysəloğlu" Şirkətlər Qrupuna ünvanladığımız sorğuya OBA marketlər şəbəkəsinin Marketinq kommunikasiyaları şöbəsinin müdiri Fəzilət Səmədova cavablandırıb. O bildirib ki, Buzovna-2 OBA mağazasından alınan yağla bağlı daxil olan müraciət əsasında araşdırma aparılıb: "Baxmayaraq ki, siz kassa çeki təqdim etməmisiniz, mağazada məhsulu qaytarıblar. OBA marketlər şəbəkəsinin Keyfiyyətə nəzarət departamentinin rəhbərliyi, "Westgold"un tədarükçü şirkəti və həmin bölgənin satış müdirləri əlaqələndirildi, bu məsələ araşdırıldı. Məlum oldu ki, kərə yağının tərkibinin dəyişməsinə səbəb həmin mağazanın işçiləri tərəfindən təmizlik edilən zaman soyuducuların temperaturunda olunan dəyişiklikdir. Bir müddət soyuducular cərəyandan ayrılıb yenidən qoşulduğu üçün bu hadisə yaşanıb. Nəticədə kərə yağının tərkibində problem yaranıb. Biz OBA marketlər şəbəkəsi olaraq təəssüf hissi keçiririk ki, siz belə halla qarşılaşmısız. Məhsulun tərkibində heç bir dəyişiklik olmayıb, sadəcə kiçik bir diqqətsizlik bu vəziyyətin yaranmasına səbəb olub. Məlumat üçün bildirmək istəyirəm ki, satıcı ilə bağlı aidiyyatı tədbir görülmüşdür. Biz çalışacağıq ki, bir daha insan məsuliyyətsizliyindən qaynaqlanan belə səhvlərə yol verməyək".
Qeyd edək ki, "İstehlakçı hüquqları haqda" Azərbaycan Respublikası qanununun 7-ci maddəsinin (Qüsuru olan mal satılarkən istehlakçının hüquqları) 1-ci maddəsində deyilir:
İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

lazımi keyfiyyətli mala dəyişdirməyi;

satış qiymətini uyğun məbləğdə azaltmağı;

malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Həmin maddənin 7-ci bəndində isə qüsurlu malın qaytarılması şərtləri qeyd edilir:

İstehlakçının tələbinə qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.

Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir./AFN
 

RƏYLƏR