“Olimpiya”nın baş məşqçisi “Qarabağ”la ÇL oyunlarından danışıb

OXUNUB: 786 İDMAN

Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu "Qarabağ” Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya” komandası ilə qarşılaşacaq.

İcmal.Az xəbər verir ki, "Olimpiya”nın baş məşqçisi İliya Stolitsa qarşılaşma haqda fikirlərini bildirib:

"Hər bir ölkənin çempionu hörmətə layiqdir. Rəqibin gücündən asılı olmayaraq, sona qədər mübarizə aparacağıq”. 

İyunun 11-də Lyublyana klubunun postuna gətirilmiş 40 yaşlı mütəxəssis "Qarabağ”ı tərifləyib:

"Açığı, mümkün rəqiblər arasında "Qarabağ” və APOEL ən güclü komandalar idi. Təbii ki, imkan daxilində əlimizdən gələni edəcəyik. Lakin komandadakı itkiləri qısa müddətdə sığortalamaq üçün əlimizdə sehirli çubuq yoxdur.

İdman xoşbəxtliyinin köməyilə avrokuboklarda qalmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Komandanın kapitanı Branko İliç isə klubun rəsmi saytına açıqlamasında II təsnifat mərhələsinə yüksəlmək üçün əllərindən gələni edəcəklərini açıqlayıb:

"Biz çətin, məğlubedilməz rəqiblə düşdük. Mümkün olan hər şeyi edəcəyik ki, II mərhələyə yüksələk. Komandamıza inanıram. Biz artıq öz səviyyəmizi sübut etmişik. Bu oyunlara yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 11-də Lyublyanada, cavab görüşü isə həmin ayın 18-də Bakıda olacaq. Komandamız mərhələ adlayacağı təqdirdə "Kukesi” (Albaniya) – "Valletta” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.

İcmal.Az

RƏYLƏR