Ombudsmanın nümayəndələri Nəsimi rayon Polis İdarəsinin saxlama yeri və polis bölmələrində olublar

OXUNUB: 1080 AZƏRBAYCAN
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti saxlama yerinə, habelə həmin RPİ-nin 19, 20, 21 və 22-ci polis bölmələrinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirilib.
 
Ombudsman Aparatının mətbuat xidmətindən BNEWS.az-a verilən məlumata görə, müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, bütün kameralara baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb, mövcud ehtiyaclar öyrənilib.
 
MSY-də saxlanılan inzibati həbs olunmuş, habelə cinayət prosessual qanunvericiliyə uyğun olaraq tutulmuş və həbs edilmiş şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilib və müraciətlər dinlənilib. Qəbul edilmiş bəzi şəxslər barələrində aparılan istintaqdan narazılıqlarını bildirib, müraciətlərində yer alan cinayətlərin dekriminallaşdırılması və digər cinayət və mülki hüquq münasibətləri üzrə qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib.
 
Yekunda müəssisə rəhbərliyi ilə sənədləşmənin və saxlanma şəraitinin təkmilləşdirilməsi, müraciətlərin təmini məsələsi müzakirə olunub, milli və beynəlxalq qanunvericilik əsasında əməkdaşlara ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb, müvafiq tövsiyələr verilib.
 
Nəsimi RPİ-nin 19, 20, 21 və 22-ci polis bölmələrinə də başçəkmələr keçirilib, məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, sənədləşmədə olan çatışmazlıqların aradan qaldırılması və təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
 
Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaqdı.
 
İcmal.Az

RƏYLƏR