“Orduda görülən işlərə şübhə etməyə heç kimin haqqı yoxdur” - Partiya sədri

OXUNUB: 830 SİYASƏT
"Müdafiə Nazirliyi sistemində bütün sahələrdə olduğu kimi tibbi təminatda da böyük irəliləyişlər var. Bu faktı etiraf etmək lazımdır".  

Bunu Qaynarinfo-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, general-polkovnik Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra ordunun təchizatı və təminatı yeni vüsət almağa başlayıb: "Dəyişiklik nəticəsində ordu quruculuğu tam fərqli və yüksək səviyyədə həyata keçirildi. Mən əvvəlki nazirin dövründəki vəziyyəti də xatırlayıram. Gözümün önündəki dəyişikliyi görüb ədalət naminə deməliyəm ki, Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra Müdafiə Nazirliyi sistemində ciddi, əsaslı dəyişikliklər başladı. Əlbəttə, bütün bu proseslər ölkə Prezidentinin iradəsi ilə həyata keçirilir. Onun müəyyən etmiş olduğu xəttə uyğun olaraq Müdafiə naziri həm ordumuzun peşəkarlığının artırılması, həm şəxsi heyətin silahla, texnika ilə təmin edilməsi, bugünkü kimi yeni hospitalların açılmasında fəal iştirak edir. Zabit və əsgərlərimiz üçün normal xidmət və məişət şəraitinin yaradılması istiqamətində böyük addımlar atılır. Bu göz önündədir və fakt kimi etiraf edilməlidir".
 


F.Ağamalı qeyd edib ki, bu gün şəxsi heyətin sağlamlığının qorunması üçün tez-tez yeni hərbi hospitallar tikilərək istifadəyə verilir: "Konkret rəqəmlərlə ifadə edə bilməsəm də ümumilikdə deyə bilərəm ki, Müdafiə Nazirliyinin digər sahələrində olduğu kimi hərbi hospitalları da həm texniki, həm tibb personalı baxımından yüksək səviyyədə təchiz olunmaqdadır. Buna şübhə etməyə heç birimizin haqqı yoxdur".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunun şəxsi heyətinin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, hərbi hissələrin maddi-texniki bazası gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur yaradılır.

Hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının üçüncü müalicə korpusunun açılış mərasimi keçirilib.

Tədbirdə iştirak edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti istifadəyə verilən müalicə korpusunda yaradılan şəraitlə tanış olublar.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev Müdafiə nazirinə məruzə edib ki, üç mərtəbədən və bir zirzəmidən ibarət müalicə korpusunun ümumi sahəsi 4 000 kvadratmetrdir. Burada stomatoloji və oftalmoloji kabinetlər, manipulyasiya, qan götürmə, reanimasiya, növbətçi həkim, oksigen, dezinfeksiya, sterilizasiya, eləcə də digər xidməti və inzibati otaqlar, laboratoriya, yeməkxana, qazanxana, camaşırxana və müalicə alanların reabilitasiyası üçün nəzərdə tutulmuş idman zalı mövcuddur.

Bildirilib ki, dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilən şöbədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.

Müalicə korpusunda yaradılan şəraitlə tanış olduqdan sonra Müdafiə naziri Tibb Baş İdarəsinin rəhbərliyi qarşısında tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar qoyub.

RƏYLƏR