“Padişah xalı” şirkəti barəsində biabırçı ittiham: “Xanım bizim hesabımıza…”

OXUNUB: 1284 Özəl Seçilmiş Önəmli TƏHLİL
"Padişah xalı” təmizlik şirkəti barəsində redaksiyamıza şikayət daxil olub.

Şikayətçi Günel Manaflı bildirir ki, o, şirkətin xidmətindən istifadə edib, amma narazı qalıb. Buna səbəb isə yuyulması üçün verdiyi pərdənin bərbad hala salınmasıdır.

"Minval”a danışan G.Manaflı deyib ki, şirkət həm ona maddi, həm də mənəvi ziyan vurub:

"Padişah xalı” təmizlik şirkətinə pərdələrimin yuyulması üçün müraciət etdim. 26 sentyabrda gəlib 3 pərdəmi apardılar. Sentyabrın 29-u isə gətirib asdılar. Pərdələrimdən biri yanmışdı.

Şirkətin işçilərinə pərdənin niyə bu cür buruş-buruş olduğunu soruşduqda onlar yaxşı ütülənmədiyini, asılı vəziyyətdə 5-10 günə düzələcəyini dedilər. 5-10 gün oldu 1 ay… Yenidən zəng edib və pərdənin bərbad vəziyyətdə olduğunu dedim.

Operator xanım isə bağıraraq, "Gedin hara istəyirsinizsə şikayət edin, əlinizdən gələnin 5 qat artığını edin, biz heç nə edən deyilik” dedi.
Azad İstehlakçılar Birliyinin sədri Eyub Huseynova zəng edərək hüquqlarımı müdafiə etməsini xahiş etdim. Eyyub bəy məsələyə qarışandan sonra noyabrın 10-u gəlib pərdəni apardılar ki, problemi həll edəcəklər.

Şirkət öncə bildirdi ki, sizə dəymiş ziyanı ödəyəcəyik və ya pərdənin eynisini alıb verəcəyik. Amma artıq şirkət fərqli bir mövqedədir və deyir ki, "Biz əməkdaşımızı Türkiyəyə göndərmişik və o sizə ona oxşayan fərqli bir pərdə alıb gətirəcək”.

Artıq məndə şirkətə qarşı güvənsizlik yaranıb. Məntiqlə düşünəndə şirkət eyni olmayan bir pərdə üçün niyə Türkiyəyə işçisini göndərsin? Pərdənin Bakıdan almayan şirkət, niyə əlavə xərclər çəkib Türkiyəyə işçi göndərir? Axı pərdəmin pulunu ödəmək ondan daha ucuz başa gələ bilər. Həm də mənim tələbim pərdəmin eynisidir, oxşarı və ya fərqlisi deyil. Mənim bir müştəri olaraq hüquqlarım pozulur.

Ən önəmlisi toplumla işləyən bir şirkət vətəndaşın mövqeyinə və öz adına hörmət etmir. Sonuncu danışığımızda da bildirdik ki, əgər bu problem həll edilmirsə, biz məsələni ictimailəşdirəcəyik”.

Şikayətçi bildirib ki, şirkət həm də vergidən yayınır: "Birincisi şirkət vergidən yayınmaqla məşğuldur. Müştəriyə verdiyi qəbizlərdə heç bir möhür yoxdur. Bəzən də qəbz vermir, sadəcə müştərinin telefon nömrəsini götürür. İkincisi, şirkət bizə ziyan vurub.

Görünən odur ki, şirkət tərəfindən zərərə uğramış yalnız biz deyilik. Tələbim pərdəmin eynisinin alınması və ya pulunun ödənilməsidir. Pozulmuş hüququmun bərpası üçün də hara lazımdır müraciət edəcəyəm. Önəmlisi hər bir vətəndaşın öz hüquqlarını qorumasıdır. Biz susduqca, hüquqlarımız daha çox pozulacaq”.

"Padişah xalı” təmizlik şirkətinin əməkdaşı "minval.info” saytına bildirib ki, onlar şikayətçinin problemini həll etməyə hazırdırlar: "Problem hər kəsdə ola bilər. Günel xanımın şikayətini biz araşdırmışıq. Həmin xanıma pərdəni yenisi ilə əvəz edəcəyimizi bildirmişik. Hətta pərdəni satın aldığı mağazaya getmişik, orada pərdə olmayıb, axtarmışıq. Sonda qərar verdik ki, Türkiyədə olan əməkdaşımız oradan alıb gətirsin. Amma orada da eynisini yox, bənzərini tapdıq. Sadəcə pərdənin üzərində olan qaş sayında fərq var. Bunu da Günel xanıma bildirdik. O da dedi ki, "Yox, mənim qonaqlarım o pərdəni görüb, yaxşısı budur ki, pulunu verin, özüm alım”. Biz də bildirdik ki, bu mümkün deyil. Artıq sifariş verilib, həftənin ilk günü pərdə Bakıda olacaq, gətirib əməkdaşlar yerinə taxacaq. Amma hələ də narazılıq edir. Xanım deyəsən evinin pərdələrini şirkətimizin hesabına dəyişdirmək istəyir, bu da mümkün olası bir şey deyil. Biz istəmirik ki, müştəri bizdən narazı qalsın. Pərdəni yeni isə əvəz edəcəyik”.

Rubrika.az

RƏYLƏR