"Pak Dad" restoranından ölkəmizə, dilimizə qarşı hörmətsizlik: FOTOFAKT

OXUNUB: 6013 Özəl Seçilmiş Önəmli İQTİSADİYYAT
"Üstü qalsın” rubrikasının növbəti buraxılışı üçün paytaxtda daha çox türk mətbəxi ilə məşhur olan "Pak Dad” restoranını sınaqdan keçirmək qərarına gəldim. Çünki xeyli müddətdir ki, müştərilər bu məşhur restoranlar şəbəkəsinin yeməkləri və qiymətləri ilə bağlı şikayət edir. Hətta mən də bir müddət "Pak Dad”ın Gənclik metrostansiyası yaxınlığında olan fillialından məhz bu səbəblərə görə şikayətçi idim.

Nəhayət uzun müddətdən sonra restoranlar şəbəkəsinin Fəvvarələr meydanında yeni açılan ünvanına yollandım. Uzaqdan da bəlli olduğu kimi restoran digər rəqiblərindən geri qalmamaq üçün müştərilərinə həm açıq havada, həm də içəridə xidmət göstərir. Məkana daxil olandan bəri ofisiantların və administratorun diqqəti gözümdən qaçmadı. Əyləşdiyim masa daxil olmaqla, digər bütün masalar da təmiz və səliqəli idi. Üstəlik havanın sərinliyi nəzərə alınaraq hər stulun başına bir adyal qoyulmuşdu. Masama əyləşdikdən dərhal sonra ağ və zoğalı rəngli geyimdə olan ofisiant menyunu təqdim etdi. Açığı menyu gələnə qədər düşüncələrim müsbət yöndə idi. Menyunu açdıqdan sonra isə məyus oldum. Çünki müştərilərinin 90 faizinin azərbaycanlı olduğu bir restoranın menyusunda Azərbaycan dilinin olmaması qəbuledilməzdir. Yalnız türk və ingilis dilində tərtib olunan menyu şübhəsiz ki, bura gələn digər müştərilərin də narazılığına səbəb olur. Üstəlik türk dilində hazırlanan menyuda bir çox orfoqrafik səhvlər ciddi şəkildə diqqəti cəlb edir. Düşünürük ki, restoran rəhbərliyi gələcəkdə müştərilərinin rahat sifariş verə bilməsi üçün bu iradımızı mütləq nəzərə alacaq.


Menyunu vərəqləyərək, öncə sup içmək qərarına gəldim. Lakin restoranın təklif etdiyi göbələk və mərci supları məni cəlb etmədiyi üçün bu fikrimdən daşındım. Belə bir restoranın cəmi iki cür sup təqdim etməsi isə məndə növbəti mənfi rəy yaratdı. Məsələn, türk mətbəxinin olduğu restoranda hər yerdə tapa biləcəyimiz göbələk şorbasının əvəzinə "Yayla” şorbasını içmək xoş olardı. İndi isə yeməkdən öncə bir salat seçməli idim. Öncədən deyim ki, restoranın salat menyusunu kreativ və fərqli adlandıra bilmərəm. Yəni, siz burada evdə də rahatlıqla hazırlaya biləcəyiniz paytaxt, manqal və toyuq salatlarına rast gələcəksiniz. Menyu ilə tanışlıqdan sonra nəhayət "Yoğurtlu patlıcan” (Qatıqlı badımcan) salatını sifariş verdim. Badımcan, süzmə qatıq, mayonez və sarımsaqdan ibarət olan bu salat 6.00 AZN dəyərində idi. Onu da deyim ki, bu məşhur salat uzun müddət Osmanlı imperiyasında qadağan olunub. Dövlət badımcanın tərkibində olan az miqdarda nikotinin insanlara zərərli olacağı qərarını verərək, salatın hazırlanmasını qadağan edib. Bu salatla öncədən tanış olduğum üçün, görünüşünü xatırlayırdım. Normalda onun üzərinə qırmızı istiot səpilsə də, qarşıma gələn salatda bunu görmədim. Salatın yanında isə türklərin məşhur şar çörəyi təqdim olundu. Qeyd edim ki, bu çörək bişdikdən sonra şar kimi qaldığı üçün belə adlanır. Onun əsl adı isə "balon” yaxud "pita ekmek”dir. Sadəcə közdə bişirilmiş badımcandan ibarət olan bu salat həm tərkibi, həm də miqdarına görə bir az baha hesab oluna bilər. Duzlu yeməkləri sevməsəm də, uzun müddətdən sonra ilk dəfə duzdan istifadə etməli oldum. Salat dadıyla bir o qədər də təəccübləndirmədi.

 

İndi isə əsas yeməyə keçək. Menyunun əsas yeməkləri arasında daha çox kabab və dönərə rast gəlmək mümkündür. Düzdür, burada pizza və müxtəlif sendviçlər də təklif olunur. Lakin bir türk restoranında "İskender” kababının dadına baxmasam olmazdı. Qeyd edim ki. bu məşhur yeməyin düz 150 illik tarixi var. Türkiyənin Bursa şəhərində yaşayan İskəndər adlı şəxs quzu ətini, düzəltdiyi ocaqda, dik çubuğa qat-qat yığaraq hazırlayırdı. Özünəməxsus ləzzəti ilə seçilən bu təam, "İskəndərin Dönər Kababı” adı altında öncə Bursaya, sonra Türkiyəyə və nəhayət dünyaya yayılıb. Bu yeməyin hazırlanması isə cəmi 10 dəqiqə çəkdi. Mal əti, kərə yağı, bibər əzməsi, pomidor sousu və qatıqdan ibarət olan bu yeməyin qiyməti 14.00 AZN idi. Yemək türk mətbəxinə məxsus xüsusi boşqabda servis edildi. Təam görünüşcə "İskender”i xatırlatsa da, əslində üzərinə pomidor sousu əlavə edilmiş dönərlə eyni dadda idi. Yuxarıda da qeyd etdiyimdən fərqli olaraq yeməkdə kərə yağının dadı hiss edilmirdi. "İskender” kababının bu qədər yağlı olması isə artıq narahatçılıq yaradırdı. Bu yeməyin həm bibər əzməsi, həm də pomidor sousu xüsusi ilə hazırlanmalıdır. Çünki bunun yeməyin dadına ciddi şəkildə təsiri var. Lakin təəssüf ki, yeməkdə bu dadı hiss etmədim. Sanki tomat sousu qızdırılıb və kababın üzərinə tökülüb. Bu arada "İskender” kababının əti dönər kababında olduğu kimi təqdim edilir. Ətin altındakı suxarilər yağda qaldığı üçün artıq yumşalmış və yeyilməz halda idi. Bir sözlə bu yağlı yeməyi yarımçıq qoyduqdan bir az sonra çay içmək qərarına gəldim.

 

Restoranın ofisiantları isə masamın bir dəqiqə çirkli qalmamasına xüsusi diqqət etdiyi üçün dərhal yeməyi götürdü. Restoran işçilərinin bu qədər səliqəli və təmiz olması həqiqətən xoş aura yaradırdı. Çayla içmək üçün yenə də məşhur türk şirniyyatı olan künefe sifariş verdim. Künefenin dadına baxmaq istəyənlər isə biraz səbrli olmalıdır. Çünki bu məşhur şirniyyatın hazırlanması 20 dəqiqədən artıq çəkə bilər. Qeyd edim ki, bu rubrika ərzində getdiyim ikinci türk restoranıdır və hər ikisi də öz şirniyyatları ilə müsbət rəy qazana bilib. Nəhayət xeyli gözlədikdən sonra yanında dondurma olan künefe təqdim edildi. Bu şirniyyatın qiyməti 8.00 AZN, dondurma isə 2.50 AZN təşkil etdi. Onu da deyim ki, bu şirniyyat türklərə məxsus kadayıf, şərbət, pendir və fıstıq ovuntusundan ibarətdir. "Pak Dad”da türk mətbəxinin qədim təamlarından olan künefeni dadmağınızı xüsusi ilə məsləhət görürəm.

 

Nəhayət şirniyyatımı da bitirdikdən sonra hesabı istədim. Beləliklə bir ayran da daxil olmaqla hesabım 34.13 AZN təşkil etdi. Hesaba 1.63 AZN servis haqqı da daxil idi.

 

QEYD: Siz də bu məkanla bağlı öz fikirlərinizi müzakirə etmək istəyirsinizsə, "Üstü qalsın” rubrikamızın "Onbranch” tətbiqindəki qrupuna üzv ola bilərsiniz.

Həmçinin, "Onbranch”da qeydiyyatdan keçərək, "Pak Dad” restoranın menyusu ilə tanış ola, rezervasiya xidmətindən istifadə yararlana bilərsiniz./open.az
 
7NEWS.az

RƏYLƏR