Polis onu gözündən güllələyib – Generallar Goranboyda

OXUNUB: 80 HADİSƏ

Goranboy rayonunda 4 gün əvvəl polis əməkdaşının tabel silahından açdığı atəşlə hərbi xidməti yenicə başa vurmuş Təbriz Əmrahov dünyasını dəyişib. Mətbuat səs-küylü silahlı insidentlə bağlı Baş Prokurorluq və Daxili İşlər Naziriyinin yaydığı birgə məlumatla kifayətlənib.

"Yeni Sabah” xəbər verir ki, həmin məlumata görə, iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşıb. Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranmış və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb. Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib. Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib. Hadisədən az sonra T.Əmrahov aldığı güllə yarasından dünyasını dəyişdi. Xəsarət almış polis əməkdaşı Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirib.

Criminal.az saytının əldə etdiyi məlumata görə, güllə onun gözündən dəyərək beynini zədələyib. Həkimlərin müdaxiləsinə baxmayaraq keçinib. 

Goranboy rayon İcra hakimiyyəti başçısının Qarapirimli kəndi üzrə icra nümayəndəsi Bayram Məmmədov sayta açıqlamasında bildirdi ki, cinayəti araşdırmaq üçün Bakıdan iki general Goranboy rayonuna gəlib.

Onun sözlərinə görə, hələlik hadisənin səbəbi tam açıqlanmasa da, insidentlə 6 nəfər saxlanılmışdı. Onlar hazırda istintaq altındadırlar.

B.Məmmədov deyir ki, T.Əmrahov hərbi xidmətdən bir həftə əvvəl gəlmişdi: "Eşitdiyim məlumata görə, polis onlara qarşı kobud rəftar edib, nəticədə hadisə baş verib. Hazırda ailənin başı yas mərasiminə qarışıb. Mərhumun 7-dən sonra yəqin ki bəzi məsələlər aydınlaşacaq". 

Məlumata görə, Gloranboya ezamn olunan həmin şəxslər Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimovdur.  Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Təqsirli şəxslərin istintaqa cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Mərhum T.Əmrahovun ailəsi ilə əlaqə saxlamaq mümkün olmadı.

RƏYLƏR