Politoloq: ABŞ dost saydığı ölkələri özündən uzaqlaşdırır

OXUNUB: 128 SİYASƏT

Vaşinqton dostlarını sürətlə itirir: yəni Azərbaycan ABŞ vətəndaşları üçün Ermənistan və Gürcüstandan daha təhlükəlidir? 

İcmal.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu ABŞ Dövlət Departamentinin son xəbərdarlığına münasibət bildirərkən deyib.

"ABŞ-ın hansı vətəndaşı bu illərdə Azərbaycanda hansısa təhlükə ilə üzləşib? Neçə il öncə Amerika Respublika İnstitutunun rəhbəri Bakıdakı mənzilində öldürülmüşdü, ancaq bunun terrorla əlaqəsi yox idi, məişət zəminində baş verən cinayət idi. Başqa olay yadıma düşmür”, – deyən politoloqun sözlərinə görə,  görünür, ABŞ-da hesab ediblər ki, Azərbaycan İranla qonşu olduğundan amerikalıların məmləkətimizə gəlməsi risklidir.

"Ona qalsa. Ermənistan da İranın qonşusudur və iki dövlət arasında isti münasibətlər var. Bəs Ermənistanın adı niyə siyahıda yoxdur? Rusiya diplomatiyası Dövlət Departamentinin Azərbaycanla bağlı xəbərdarlığından məharətlə istifadə etdi. Rusiya XİN-nin nümayəndəsi Mariya Zaxarova Azərbaycan tərifləyərək, bu ölkənin təhlükəsiz və turistlər üçün münasib məkan olduğunu vurğuladı. Bu da amerikalılarının axmaq siyasətinin nəticəsi. Bu cür yanaşma ilə ABŞ dost saydığı ölkələri də özündən uzaqlaşdırır.

2001-ci ilin sentyabrın 11-də terrorçular ABŞ-a hücum etdilər, üç min vətəndaş terrorun qurbanı oldu. Onda eyni məntiqlə Azərbaycan XİN açıqlama verib deməli idi ki, bu müddətdə Azərbaycan vətəndaşlarının ABŞ-a səfərləri məqbul deyil? Belə bir açıqlama Vaşinqtonun xoşuna gələrdimi? Və ya ABŞ-ın böyük şəhərlərində elə küçələr var ki, orada turistlərin təhlükəsizliyinə zəmanət verilmir. Özüm 1999-cu ildə bunun şəxsən şahidi olmuşam. Onda belə çıxır ki, turistlər ABŞ-a getməməlidirlər? Nə isə, bəzilərimiz Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının məhdudlaşdırılması məqsədilə okeanın o tayına boylanarkən, okeanın o tayı yarıtmaz siyasəti ilə Rusiyanın bölgədə daha çox fəallaşmasına şərait yaradır”, – deyə politoloq sözlərinə əlavə edib.

İcmal.Az

RƏYLƏR