Pomidorun qiyməti niyə qalxıb?

OXUNUB: 2887 İQTİSADİYYAT

Pomidorun bahalaşması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.İstehlakçılar  bildirib ki, 1 manat 60 qəpikdən aşağı pomidor tapmaq müşkülə çevrilib. Hətta bəzi supermarketlərdə pomidorun kilosu 2 manatdan satılır.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov açıqlamasında bildirib ki, Azərbaycanın istehsal etdiyi pomidorların əsas hissəsi ixrac olunur: "Əsasən də pomidorların Rusiya  bazarlarına ixrac prosesi baş verir. Çünki Rusiya Türkiyədə istehsal olunan pomidoru qəbul etmir. Qeyd edim ki, ölkədə pomidor qeyri- neft sektorunda ixracda birinci yeri tutur. Bu da Rusiyada tələbin çox olması ilə bağlıdır. Türkiyədən gələn pomidorların bir hissəsi də Azərbaycandan Rusiyaya ixrac olunur.

İkincisi, indi elə bir mövsümdür ki, artıq istixana şəraitində yetişdirilən məhsul tükənir. Açıq şəraitdə isə  bizdə pomidor istehsalı çox azdır.  Yəni bazara məhsul az çıxır. Həm də benzinin qiymətinin artımı artıq bəzi məhsullara, o cümlədən pomidora da təsir edib. Belə ki, pomidor istixanalardan minik maşınlarına, qazellərə yığılır. Sonradan isə yük maşınlarına daşınır. Bu halda isə, minik maşınlarındam istifadə edənlərin benzin xərci də artır”.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, bazarda pomidor qıtlığından söhbət gedə bilməz: "Çünki şimal və cənub rayonlarında açıq sahələrdə əkilən pomidorların yetişmə fazası başlayıb. Bu pomidorlar da artıq bazarda satılmaqdadır. Qiymətə gəlincə isə, şənbə-bazar günü  keçirilən kənd təsərrüfatı yarmarkalarında pomidorun qiyməıti 50 qəpik-  1 manat arasında dəyişirdi”.

Nəzərə çatdıraq ki, 2017-ci ilin 6 ayında  qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) tutub. Hesabat dövründə 121 milyon dollar dəyərində pomidor ixrac olunub./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR