“Premyer Liqada maksimum 10 komanda olacaq” - AFFA rəsmisi

OXUNUB: 163 CƏNUBİ QAFQAZ SİYASƏT MÜSAHİBƏ İDMAN
"Növbəti mövsüm Azərbaycan Premyer Liqasında 12 komandanın iştirakı çətin məsələdir, buna inanmıram. Bəzi klublar sponsor axtarışında olduqları üçün indidən dəqiq rəqəm söyləmək olmur. Sayla bağlı proqnozumuz bu cürdür: minimum 8, maksimum 10 komanda”. 

Sport7.az xəbər verir ki, bunu "Report”a AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov deyib.

E.Məmmədov bildirib ki, elita iştirakçılarının sayı və tərkibi ilə bağlı ortaya çıxan problem maddiyyatla əlaqədardır: "Burada əsas məsələ maliyyəyə bağlıdır. Xüsusən də I Divizion komandalarının problemləri var. Onlar sübut etməlidirlər ki, elitada çıxış etmək üçün stabil gəlir yerləri mövcuddur. Bəzi klubların nümayəndələri sponsorların tapılması ilə bağlı çətinlik yaşadıqlarına dair mətbuata açıqlamalar da veriblər. Bəlkə komissiyanın mayda keçiriləcək iclasına qədər bank zəmanəti verərlər.

I Divizion təmsilçiləri arasında Premyer Liqada çıxış etmək istəyən klubların sayı 4-dən çoxdur. Onlardan bəzilərinin bank zəmanəti verib-verə bilmədiyi bilinir. Lakin adlarını açıqlaya bilmərəm. Premyer Liqada iştirak edən klubların isə əksəriyyəti maliyyə sənədlərini təqdim edib. Bəzilərində xırda çatışmazlıqlar var, onları da həll edəcəklərini gözləyirik”.

Qeyd edək ki, bu gün futbol üzrə Azərbaycan I Divizionunda, aprelin 29-da isə Premyer Liqada 2016/2017-ci il mövsümünə yekun vurulacaq. Lakin növbəti mövsüm elitada iştirak edəcək klubların sayı və tərkibi ilə bağlı qeyri-müəyyənlik var. 2016/2017-ci il mövsümünün Əsasnaməsində mövsümü sonuncu pillədə bitirən komandanın Premyer Liqanı tərk edəcəyi, I Divizionda ilk 3 pilləni tutan komandanın (lisenziya şərtlərini yerinə yetirirsə) isə elitaya vəsiqə qazanacağı göstərilib. Artıq AZAL komandasının Premyer Liqada sonuncu yeri tutması, "Turan Tovuz”un isə I Divizionda qalibiyyəti rəsmiləşib.  

Sport7.az

RƏYLƏR