Prezident Ağcabədi rayonuna gedib - FOTO + YENİLƏNİB

OXUNUB: 748 index-manşet SİYASƏT

Bu gün Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub.

İcmal.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlət başçısına ətraflı məlumat verib.

Bildirilib ki, kompleksin tikintisinə 2012-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin noyabrında başa çatdırılıb.

Komplekslə tanışlıqdan sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşüb.

14:25

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib.

İcmal.Az xəbər verir ki, dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətdə də millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan bölgələrdə də müvafiq tədbirlər görülür. Paytaxtımızla yanaşı, ölkənin bütün bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi və and yeri hesab edir. Azərbaycan bayrağı dövlətimizin suverenliyinin rəmzlərindən biri, milli mənəvi dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizin təcəssümüdür. 

Dövlət başçısı muzeydə yaradılan şəraitlə tanış olub.

Daha sonra dövlət başçısı Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan prezidenti muzeydə yaradılan şəraitlə tanış olub.

Respublikamızın bölgələrində yeni yaradılan və ya əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən Tarix-Diyarşünaslıq muzeyləri tarixi keçmişimizə həssas münasibəti əks etdirir. Bu, dövlət siyasətinin tərkib hissəsidir. Tarixi abidələrin, müqəddəs məkanların bərpası, yeni muzeylərin, mədəniyyət mərkəzlərinin tikilməsi milli mənəvi dəyərlərimizə hörmət və ehtiramın təzahürüdür. Təqdirəlayiq haldır ki, bu proses ölkəmizin bütün regionlarını əhatə edir.

Daha sonra ölkə başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi–uşaq bağçasının açılışında iştirak edib.

Prezident körpələr evi–uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

 

İcmal.Az

RƏYLƏR