Prezident: Azərbaycanda insan ömrünün uzunluğu artır

OXUNUB: 673 index-manşet SİYASƏT

"Səhiyyə sahəsində görülmüş işlər öz nəticəsini verir. Çünki bizim bütün göstəricilərimiz müsbətə doğru dəyişir, insanların ömrünün uzunluğu artır, həyat keyfiyyəti yaxşılaşır, ana və uşaq ölümü azalır. Bütün bunlar beynəlxalq səhiyyə təşkilatları tərəfindən də qiymətləndirilir”.

İcmal.Az xəbər verir ki, bunu prezident İlham Əliyev noyabrın 28-də Azərbaycanın Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında çıxışı zamanı deyib.

"Bu gün Azərbaycan səhiyyə infrastrukturu baxımından dünya miqyasında qabaqcıl yerlərdədir. Bununla paralel olaraq, Azərbaycan, hesab edirəm, yeganə ölkədir ki, burada hər bir vətəndaş dövlət hesabına ildə bir dəfə pulsuz müayinədən keçir. Biz bu layihəyə bir neçə il bundan əvvəl başlamışıq. Hər il beş milyondan çox Azərbaycan vətəndaşı müayinədən keçir və artıq öz sağlamlığı, səhhəti ilə bağlı bütün bilgiləri alır. Bu, bizə imkan verir ki, xəstəliklər vaxtında müəyyən edilsin və lazımi müalicə də təyin olunsun. Hər il beş milyondan çox insan dövlət hesabına pulsuz müayinədən keçir. Belə gözəl tibb ocaqlarının yaradılması, əlbəttə ki, bizə bu təşəbbüsü irəli sürməyə imkan verdi. Çünki əgər şərait olmasaydı, biz bu proqramı icra edə bilməzdik”, - deyə o əlavə edib.

Prezident bildirib ki, bir sözlə, Bakı şəhərində, bütün rayonlarda yeni səhiyyə ocaqlarının tikintisi prosesi, demək olar ki, başa çatır:

"Biz bu işlərə 2004-cü ildən başlamışıq. O vaxt birinci növbədə müalicə-diaqnostika mərkəzləri, ondan sonra mərkəzi rayon xəstəxanaları, ixtisaslaşmış xəstəxanalar yaradıldı. Bu gün səhiyyə sisteminin maddi-texniki bazası yüksək standartlara tam cavab verir”.

İcmal.Az

RƏYLƏR