Prezident: Azərbaycanla Türkiyənin həmişə bir-birinin yanında olması önəmlidir

OXUNUB: 729 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, türkiyəli nazir ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində çoxsaylı qarşılıqlı səfərlərin və görüşlərin önəmini vurğulayıb.

Prezident İlham Əliyevlə ötən görüşünü və bu il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını məmnunluqla xatırlayan Mövlud Çavuşoğlu gələcək illərdə də dövlət başçılarının rəhbərliyi ilə önəmli layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün əhəmiyyətinə toxunan M. Çavuşoğlu bu görüşlərin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirən prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı ölkələrimizin həmişə bir-birinə qarşılıqlı dəstək verməsinin və bir-birinin yanında olmasının önəmini qeyd edib. Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdığını deyib.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına toxunan dövlət başçısı bunu təkcə regional deyil, beynəlxalq səviyyəli mühüm tədbir kimi dəyərləndirib.

Görüşdə TANAP layihəsinin uğurla həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

İcmal.Az

RƏYLƏR