Prezident: Macarıstan Azərbaycan üçün ən yaxın dost ölkələrdən biridir – YENİLƏNİB

OXUNUB: 851 index-manşet SİYASƏT

Prezident İlham Əliyev sentyabrın 12-də Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyininetimadnaməsini qəbul edib.

İcmal.Az-ın məlumatına görə, səfirlə söhbət edən prezident İlham Əliyev Azərbaycanla Macarıstan arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu deyib. Macarıstanın Azərbaycan üçün çox cəlbedici ölkə olduğunu deyən dövlət başçısı qarşılıqlı səfərlərin getdikcə artdığını məmnunluqla vurğulayıb. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu bildirən prezident İlham Əliyev Macarıstanın baş naziri Viktor Orbanla müntəzəm görüşlərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Dövlət başçısı bildirib ki, Macarıstan Azərbaycan üçün təkcə Avropada deyil, dünyada ən yaxın dost və tərəfdaş ölkələrdən biridir.

İqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinin önəmini qeyd edən prezident İlham Əliyev ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin zəruriliyini vurğulayıb. Dövlət başçısı, eyni zamanda, bildirib ki, investisiya, nəqliyyat və enerji, əczaçılıq, kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var. Humanitar və mədəniyyət sahələrində də əməkdaşlığın uğurla davam etdiyini deyən prezident İlham Əliyev qeyd edib ki, ölkələrimizdə artıq bir sıra qarşılıqlı mühüm mədəni tədbirlər keçirilib ki, bu da xalqlarımızın bir-birini daha da yaxşı tanıması və dostluq əlaqələrinin inkişaf etdirilməsi işinə xidmət edir.

Öz növbəsində, səfir Macarıstanın baş naziri Viktor Orbanın Azərbaycan prezidenti ilə şəxsi dostluq əlaqələrini yüksək qiymətləndirdiyini bildirib. O deyib ki, bu əlaqələr bir səfir kimi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi ilə bağlı mənim gələcək fəaliyyətimə istiqamət verir. Macarıstanlı diplomat iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün çox böyük imkanların olduğunu bildirib: "Mən sizin gözəl ölkənizdə səfir kimi fəaliyyət göstərməyimdən həddindən artıq məmnunluq hissi keçirirəm. Sizin ölkəniz, xalqınız, mədəniyyətiniz haqqında daha çox bilgi əldə etmək əzmindəyəm”.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə daha da genişləndirilməsinin və Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini özündə əks etdirən sənədin hazırlanmasının önəmi qeyd olunub, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

13:00

Prezident İlham Əliyev sentyabrın 12-də Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevin etimadnaməsini qəbul edib.

İcmal.Az-ın xəbərinə görə, prezident səfirlə söhbətində ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib, qeyd edib ki, Tacikistan prezidenti ilə keçirdiyi görüşlər zamanı əməkdaşlığımızın daha da genişlənməsi ilə bağlı səmərəli müzakirələr aparılıb.

İqtisadi əlaqələrə toxunan dövlət başçısı ölkələrimizin nəqliyyat sistemləri və müxtəlif istiqamətlərdə yük daşımaları ilə bağlı yeni imkanların olduğunu qeyd edib. Dövlət başçısı deyib ki, humanitar, mədəni sahələrdə də əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bu sahələrdə əlaqələr uğurla inkişaf edir. Prezident İlham Əliyev Rustam Soliyevin səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Rustam Soliyev Tacikistan prezidenti Emoməli Rəhmonun salamlarını və yaxın zamanlarda prezident İlham Əliyevlə görüşmək arzusunu çatdırıb. Azərbaycanla Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin bu il qeyd olunacağını deyən səfir ikitərəfli dostluq münasibətlərinin əsasının ümummilli lider Heydər Əliyev və prezident Emoməli Rəhmon tərəfindən qoyulduğunu vurğulayaraq, bu siyasətin bu gün də uğurla davam etdirilməsi ilə bağlı prezident İlham Əliyevə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, siyasi əlaqələr yüksək səviyyədədir, ölkələrimiz BMT, ATƏT, MDB çərçivəsində sıx əməkdaşlıq həyata keçirir.

Görüşdə ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, təhsil, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

10:39

Prezident İlham Əliyev sentyabrın 12-də Tacikistanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevin etimadnaməsini qəbul edib.

İcmal.Az xəbər verir ki, məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb. 

Dövlət başçısı Macarıstanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin etimadnaməsini qəbul edib.

İcmal.Az

RƏYLƏR