Prezident İlham Əliyev: “Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir”

OXUNUB: 924 index-manşet SİYASƏT

"Bu səfəriniz Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında çox böyük yer tutur. Bu gün apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq ediblər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyük və uğurlu yol keçib”.

 

Bunu Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra mətbuat üçün bəyanatında deyib.

 

"Cənab Prezident, mən bu gün xüsusilə Sizin rəhbərliyinizlə Türkmənistanın əldə etdiyi uğurlar haqqında danışmaq istərdim. Sizin rəhbərliyinizlə ölkəniz sürətlə inkişaf edir, sosial, iqtisadi məsələlər uğurla həll olunur, vətəndaşların rifah halı yaxşılaşır, Türkmənistan beynəlxalq aləmdə böyük rol oynayır. Sizin neytrallıq siyasətiniz dünya ictimaiyyəti tərəfindən dəstəklənir və Birləşmiş Millətlər Təşkilatı Türkmənistanın neytrallığı ilə bağlı iki il əvvəl qətnamə qəbul edib. Azərbaycan da o qətnamənin həmmüəllifi olub. Bu gün imzalanan sənədlər arasında Birgə Bəyannamə xüsusi yer tutur. Bu, strateji tərəfdaşlıq haqqında imzalanan Bəyannamədir. Yəni, bu, əlaqələrin ən yüksək səviyyəsidir. Bu gün Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu Bəyannamədə gələcək birgə fəaliyyətimizin demək olar ki, bütün istiqamətləri müəyyən edilib, həm siyasi, həm iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib. Bizim əlaqələrimiz uğurla inkişaf edir. Biz bir çox istiqamətlər üzrə fəaliyyətimizi gücləndirəcəyik. Bu gün beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik - BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birimizi dəstəkləyirik. Ticarət sahəsində, iqtisadi sahədə yaxşı nailiyyətlər var. Keçən il ticarət dövriyyəmiz artıb”, - deyə o vurğulayıb.

 

 

İcmal.Az

RƏYLƏR