Prezident seçkilərindən bir il ötür — Azərbaycanı dünyanın ən islahatçı ölkəsi edən DÖVLƏT BAŞÇISI

OXUNUB: 1224 index-manşet TƏHLİL

İlk olaraq onu qeyd etməliyik ki, Azərbaycanda islahatlar müntəzəm olaraq keçirilir və bunun bünövrəsi  Ulu Öndər Heydər Əliyev  dövründə qoyulub. Məhz Heydər Əliyevin  hakimiyyəti dövründə Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoyub. Azərbaycanda sabitliyin bərqərar olması ilə ölkədə dərin  və genişmiqyaslı iqtisadi islahatlara start verildi.

2003-cü ildə İlham Əliyevin Azərbaycanda prezident seçilməsindən sonra isə  islahatların yeni mərhələsi başlandı. İlham Əliyev hakimiyyətə gələn kimi iqtisadi sahədə islahatları dərinləşdirmək və ölkənin hərtərəfli  iqtisadi inkişafına nail olmaq üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edərək, onun icrasını həyata keçirməyə başladı. Bu proqramın icrası ölkəmizin müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasını müəyyənləşdirməsinə, qısa müddət ərzində çox güclü infrastruktur bazasının yaradılması işində nəticələr əldə edilməsinə imkan verdi. Məhz bu islahatların nəticəsi olaraq Azərbaycan 2006-ci ildən etibarən Dünya Bankının "Doing Business” hesabatında və digər beynəlxalq  reytinq institutlarının hesabatlarında yer aldı. Prezident İlham Əliyevin həyata keçirdiyi  dərin iqtisadi islahatlar nəticəsində Azərbaycan 2018-ci ildə  "Doing Business” hesabatında 25-ci yerdə qərarlaşıb. Bu ancaq ciddi islahatlar nəticəsində mümkün olub.

İlham Əliyevin 2018-ci ildə yenidən prezident seçildikdən sonra Azərbaycanda həyata keçirilən islahatları "Ölkə.Az”a şərh edən Rüstəm Xəlilov bildirib ki,  cənab İlham Əliyev 2018-ci ildə  xalqın etimadını qazanaraq yenidən Prezident seçildikdən  sonra  növbəti mərhələdə mesaj Azərbaycanın güclü, modern sosial dövlətinə çevrilməsi üçün iqtisadi və sosial sahədə ciddi  islahatlara start verdi. 

Onun sözlərinə görə, ölkə başçısı ilk olaraq "kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, iqtisadi münasibətlərdə maliyyə şəffaflığının təmin edilməsi məqsədi ilə vergi və gömrük  sahəsində ciddi islahatlara başladı.

 

 "Vergi və gömrük sahələrində həyata keçirilən islahatlar qısa zaman ərzində müsbət mənada ciddi dəyişikliklərə gətirib çıxardı. Belə ki, ölkədə mikro, kiçik və orta sahibkarlığın meyarları yeniləndi, gömrükdə "Yaşıl dəhliz” buraxılış sistemi işə düşdü, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparıldı. Bununla da sahibkarların vergi yükü optimallaşdırıldı, vergi bazası genişləndirildi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətləri daha da sivil səviyyəyə qaldırıldı. Belə ki, maliyyə intizamının gücləndirilməsi sahəsində aparılan islahatlar nəticəsində dövlət büdcəsi qarşısında illik proqnoz və öhdəliklərin yerinə yetirilməsi içində də mühüm nailiyyətlər əldə edildi.  Bu sahədə keçirilən islahatlar  hesabına büdcəyə əlavə bir milyard manat civarında büdcə vəsaiti daxil oldu.  Azərbaycan iqtisadiyyatında baş verən inkişaf, həmçinin həyata keçirilən islahatlar nəticəsində əldə olunan gəlirlər ölkə başçısı tərəfindən ölkə əhalisinin sosoial rifah halının yaxşılaşdırılmasına yönəldildi. İslahatlar nəticəsində əldə edilən gəlirlər əhalinin minimum əməkhaqqının, pensiyaların, eyni zamanda  müxtəlif növ sosial müavinət və təqaüdlərin artırılmasına yönəldildi. Yəni ölkədə iqitsadi islahatlar nəticəsində əldə edilən gəlirlər, əhalinin sosial rifah halının yaxşılşadırılması, sosial problemlərin həlli məqsədi ilə  sosial islahatların dərinləşməsi istiqamətində ciddi addımlar atıldı. Məhz bunun nəticəsi olaraq 2018-ci ilin  ikinci yarısından başlayaraq,  Azərbaycanda sosial sahədə inqilabı islahatlar həyata keçirilməkdədir və bu davam edir. Bunlar ancaq  həyata keçirilən iqtisadi islahatlar  və  bu istiqamətdə verdiyi sərəncamlar, fərmanlar nəticəsində mümkün olub”, - deyə deputat bildirib.

 O, əlavə edib ki, vergi-gömrük sahəsində həyata keçirilən islahatlar nəticəsində əsasən ölkənin qeyri neft sektoru olan sənaye, kənd təsərrüfatı, xidmət, turizm sahəsi inkiaşf edib, ölkə iqtisadiyyatına 17,2 milyard həcmində sərmayə yatırılıb.

R.Xəlilov bildirib ki, beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar ən yüksək qiymətini aldı: 

"Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edildi. Azərbaycan hesabatda 190 ölkə arasında 25-ci yerdə qərarlaşdı, MDB-də lider mövqeyinə yüksəldi və bununla da "Böyük 20-lik” ölkələrinin əksəriyyətini üstələdi. İslahatlar biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində inqilabi addımlar oldu”. 

Bu islahatların  dünyada baş verən mürəkkəb geosiyasi, geoqitisadi proseslər fonunda reallaşdığını qeyd edən deputat bildirib ki,   qlobal çağırışlara uyğun olaraq Azərbaycan qarşısında duran hədəflərə Prezident İlham Əliyevin  uzaqgörən, müdrik siyasəti nəticəsində nail olunacaq:

 "Əsas hədəf  isə iqtisadi cəhətdən heç kimdən asılı olmayan dövlətə çevrilməkdir. Hədəf Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir. Vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxararaq, insanların rifah halını yaxşılaşdırmaqla, daha güclü, qüdrətli dövlət qurmaqdır. Cənab İlham Əliyevin rəhbərliyi altında da bu istiqamətdə də məqsədyönlü, hərtərəfli siyasət aparılır. Bununla həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni, nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır.

Bundan əlavə olaraq, Azərbaycan hökumətinin həyata keçirdiyi bir sıra iri layihələrin icrasının tamamlanması da son 1 ilin payına düşdü. Səngəçalda Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin, Türkiyənin Əskişəhər bölgəsində isə bu layihənin əsas seqmentlərindən olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin birinci hissəsinin açılış mərasimi keçirildi, TANAP-la Türkiyəyə "Şahdəniz-2”dən kommersiya qazının nəqlinə başlanıldı. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa etdiyi, illik gücü 10 mln. ton olan STAR Neft Emalı Zavodu da işə düşdü. Bakıda isə H.Əliyev adına Neft Emalı Zavodunda yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsi istismara verildi, zavodun modernizasiya layihəsinin ilkin mərhələsi tamamlandı. Sumqayıtda isə "SOCAR Polymer” layihəsinin polipropilen və yüksək sıxlıqlı polietilen zavodları, eləcə də "SOCAR karbamid” zavodu istifadəyə verildi. Bütün bu layihələrin reallaşması ölkə iqtisadiyyatının  davamlı inkişafına və güclü, modern sosial dövlətə çevrilməsi ilə bağlı qarşıya qoyulan hədəflərə qısa zamanda çatmasına əminlik yaradır”.

R.Xəlilov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan ali hədəflərə nail olmaq üçün iqtisadi islahatlar bundan sonra da davam edəcək:
 "Ölkə başçısının bu yaxınlarda yerli mediaya verdiyi müsahibəsində söylədiyi kimi,  başlanan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır”. 

Mürtəza
Ölkə.Az

RƏYLƏR